Aktyor Elşən Orucov şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, “Pərvizə görə” proqramında qonaq olan Elşən həyatında heç kimin olmadığını deyib:
“Subaylıq yaxşıdır. İşimlə məşğulam. Qlobal çətinliyim olmadı. Onsuz da əvvəllər də işimlə bağlı həftələrlə burada olmurdum, ya da evə gec gedirdim, yatırdım-dururdum, yenə işə gedirdim. Heç evdəkiləri görmürdüm. Ona görə çətin bir hadisə olmadı. İndi tək yaşayıram, amma anamgillə qonşuyam. Bir binada ayrı-ayrı bloklarda qalırdıq”.
Elşən qızı Selinlə bağlı da açıqlamalar verib:
“O hissi ata olmayınca başa düşmək olmur. Çox möcüzəvi hissdir. İnsan yaşa dolduqca daha təkmilləşdiyini fikirləşir. Uşaq olanda insanın formalaşmağı daha da sürətlənir. Bəzi nüanslar var ki, onları yaşamayınca, doğmaların da desə, başa düşmürsən. Bunu da valideyn olandan sonra anlayırsan. Həyatımda müsbət rol oynayıb.
Həm işimdə, həm insanlara yanaşmamda. Xüsuilə də qızın olanda…. Möhtəşəm bir hissdir. Qız atalarına deyərdim ki, əslində siz xoşbəxtsiniz, çalışın ki, övladınızı da xoşbəxt edin. Çünki belə bir deyim var ki, ataların etdiyi səhvlərin əziyyətini övladları çəkir. Bu söz məni o qədər təsirləndirdi ki… Ümumiyyətlə, çalışıram ki, heç kimə pisliyim dəyməsin.
Övladımın həyatında da böyük rol oynamağa çalışıram. Bunu nə qədər bacarıram, bacarmıram, başqa məsələ. Çalışdığım qədər, istəyirəm ki, xoşbəxt olsun, atasının yanında olduğunu hiss etsin. Baxmayaraq ki, çox vaxt yanımda olmur. Bu, məni narahat edir. İndi ikinci dəfə ailə qurmaq haqda düşünmürəm. Bu da ona görə yox ki, olmadı, alınmadı. Sadəcə, bu hiss məndə yoxdur. Ola bilsin ki, sabah soruşsanız, deyəcəyəm, var. Bu dəqiqə ailəmi, qızımı və işimi fikirləşirəm.
İçimdə boşluq yoxdur ki, evlənmək lazımdır, ya da həyatımda kimsə olmalıdır. Ata-ana ayrı olanda övladlar daha həssas böyüyürlər. İstəyirəm ki, o boşluğu hiss etməsin. Bunun üçün mən də, anası da çox çalışırıq. O yoxluğu hiss etməyəndən sonra yəqin ki xoşbəxt olacaq. Hansı sahədə olmaq istəyirsə, atası olaraq arxasındayam”.
Qeyd edək ki, Elşən İlahə adlı xanımla ailəli olub.
Bizim.Media