Xalq artisti Ənvər Həsənov 2008-ci ilin yanvarın 8-də dünyasını dəyişən həyat yoldaşı, aktrisa Möminat Qurbanova ilə düşdüyü dəhşətli qəzadan söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda 73 yaşlı sənətkar qonaq olduğu “O öz” verilişində danışıb.
Ə.Həsənov hadisəni belə nəql edib:
“2008-ci ilin yanvarında olmayan kimi bəlalı qış keçdi. Möminat tüfəngi çox sevdiyindən özümlə onu aparmağa qərar verdim. Axı o “Həcər” idi... Möminat dedi ki, mən də sizinlə getmək istəyirəm. Nə qədər təqid etsəm də, söylədi ki, sizinlə gedirəm. Qabağıma yekə çoban iti çıxdı.
Mən də dərhal əyləcə basdım və avtomobil fırlanmağa başladı. Öndə də ”VAZ 2106” avtomobil gedirdi. Onun isə içində çox sayda insan oturmuşdu. Əksəriyyəti də uşaq idi. Dedim ki, maşınım gedib o maşına dəysə, bu qədər insan öləcək və faciə olacaq. Maşını iki ağacın arasına saldım. Başım partladı, Möminatın da gicgahına zərbə dəydi və bununla da o dünyasını dəyişdi”.
Aktyor bildirib ki, aktrisa xanımı ona ondan əvvəl dünyasını dəyişəcəyini söyləyibmiş:
“Möminat son sözünü mənə evdə demişdi. Demişdi ki, özündən muğayat ol və tək qalma. Sən tək qalan insan deyilsən, mütləq yanında gərək xanım olsun ki, sənə qulluq etsin. Mən sənə buna icazə verirəm. Bu bərəkət gözümə dəysin. Dedim ki, ay qız, sən nə danışırsan? Mənim şəxsiyyət vəsiqəmdə sənin adın yazılıb.
Mən səndən sonra kimləsə ailə quraram? Ona dedim ki, belə sözlər danışma. Otağımda onun şəkli asılıb, hər gün durub şəkli ilə danışıram. Hər şeyi öncədən görürdü, bilirdi. Onun adına uyğun vergisi vardı. Möminat, yəni mömin adam. Mənə deyirdi ki, sən ölsən, səni dəfn edə, məzarını düzəldə, yas mərasimini verə bilməyəcəyəm. Səndən əvvəl dünyamı dəyişəcəyəm. Bilirəm ki, hər şeyi də özün edəcəksən. Gəldi, elə də oldu”.
Rəşad Əliyev, Bizim.Media