“Mənə heç vaxt deməyiblər ki, “sizin səsiniz var və siz oxumalısınız”. Mənim səsim yox idi.
Bəlkə də indi də səsim yoxdur. Bilmirəm... Amma başladım oxumağa. Daha sonra təhsilimi müğənni kimi estrada şöbəsində almağa başladım. İlk dəfə SSRİ də estrada şöbəsi açdılar və məni 3-cü kursa qəbul etdilər. Çünki artıq mənim bu yöndə təhsilim vardı, musiqiçi idim. Daha sonra məni Moskvanın Filarmoniyasına dəvət etdilər və ilk addımlarım oradan başladı”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan qonaq olduğu “Yaşananlar” verilişində deyib.
Bir neçə gün əvvəl 72 yaşına qədəm qoyan sənətkar Sovet dövründəki qazancından danışıb. Sərxan bildirib ki, bir aya konsertlərdən 3-4 min pul qazanıb:
“Mən heç zaman pulun arxasıyca qaçmamışam. Qazancım konsertlərdən gəlib. Mənim ən aşağı qazancım Sovet dövründə ki, pulla 5 manat olub. Sonra qazancım bir konsert üçün 112 manat oldu. Mən bir ayda 40-60 konsert verirdim. Verdiyim bu konsertlərin pulu ilə ayda bir avtomobil ala bilərdim. Amma özümü varlı saymırdım. Bəzən isə utanırdım ki, o qədər çox pul alıram. Çünki o zamanlar insanlar bir ay işləyib 120 manat pul alırdı. Mən isə bir ayda 3000-4000 manat pul alırdım. Utanırdım”.
Aparıcının “Tez-tez Bakıdan gedib, uzun müddətdən sonra yenidən buraya qayıdırsınız. İndi isə əksinədir” sözlərini S.Sərxan belə tamamlayıb:
“Hər zaman Bakını sevmişəm. O hisslə Bakıdan getməmişəm ki, birdəfəlik Bakını tərk edirəm. Xeyr, hər zaman deyirdim ki, yaşa dolanda Bakıya birdəfəlik qayıtmaq, yəni köçmək lazımdır. Bəsdir... Yaşa görə səhnə fəaliyyəti də azalır, artıq bu səhnəyə gənc ifaçılar gəlir. Həyat keçir... Gəl Bakıya və köhnə binalarla, bağlarla “salamlaş”, dostlarınla ünsiyyət ol. Artıq o zaman gəldi.
Mən zamanımı çox yaxşı keçirirəm. Mərkəzdə yaşayıram və piada gəzirəm. Pərəstişkarlarımla salamlaşıram, onlarla şəkil çəkdirirəm. Həyatımdan razıyam. Konsert vermək lazım olanda xaricə uçuram. Amma indi mənə Bakıda olmaq ləzzət verir”.
Müğənni müasir toylardan da söz açıb:
“Mən toy müğənnisi deyiləm. Arada olur ki, hansısa dostumun məclisinə gedirəm. Onlar məndən xahiş edirlər ki, 3-4 mahnı ifa edim, çıxıb oxuyuram. Özüdə o məclislərdə qonaqların da səviyyəsi başqa cür olur. Ona görə... Amma belə toylara getmək və orada çıxış etmək, xeyr. Mən öz repertuarımla toya lazım olan müğənni deyiləm”.
Rəşad Əliyev, Bizim.Media