“Mənim uşaqlıq şəklim yoxdur. Atam və anam ömür boyu öz aralarında dava edib, boşanıblar. Heç birinin də ağlına gəlməyib ki, bir dəfə də olsun, bu uşaqların şəkillərini çəkim ki, böyüyəndə onları kiməsə göstərsinlər. Bir dənə də şəklim yoxdur ki, oğlum Hüseynə göstərim ki, bax, mən birinci, ikinci, beşinci sinifdə belə olmuşam, 10 yaşım belə olub. Bir dənə şəkil var, orada anam və onun beş bacısı əks olunub. Altısı da dava edirlər. Biri digərinə deyir ki, bu mənim uşağımdır. Mən də inanıram ki, bu mənim xalam qızıdır. Onlarda elə “sevgi” olub ki, bir-birilərini qırıblar və bizi unudublar”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Elgizlə izlə” verilişində deyib.
42 yaşını proqramda qeyd edən sənətçi bildirib ki, bir dənə belə uşaqlıq fotosu yoxdur:
“Oğlum Hüseynə deyirəm ki, sən 9-cu sinifdə oxuyursan. O “vinetkaya” şəkil çəkdirəcəksən. Hara gedirəmsə, onun şəkillərini və videolarını çəkirəm. Çünki o, uşaqdır, indi bunları anlamır, amma böyüyəndən sonra ona lazım olacaq. Mən Röyanın 42 yaşı var. Mənim şəkillərim 15 yaşımdan sonra çəkilib. Xalamgilin məhlələrində şəkillərim çəkilməyə başlanılıb. Həyətdə, qara bir qız. Ona qədər bir dənə də olsun şəklim yoxdur ki, xatirə olaraq göstərim. 6 aylığımda çəkilən bir şəklim olmalıdır. O da atam və anam öz aralarında dava edən zaman onu cırıblar. O şəkli düzəltmişik, amma indi haradadır bilmirəm”.
Bütün həyatını tamaşaçı önündə yaşadığını söyləyən Röya ayıb bir işinin olmadığını vurğulayıb:
“Mən o qədər rahatam. Çünki bütün həyatımı istəyərək yaşamışam. Əgər birini sevmişəmsə, ayrılanda da əziyyət çəkmişəmsə də onu da insanlarla birgə yaşamışam. Ayıb deyilən bir şeyim yoxdur. Hamı nəyin necə olduğunu bilir. Sevginin də ən lüksunu və ən pisini yaşaya bilərəm. Dava da etsəm, ən pisini və ən yaxşısını edə bilərəm. Mən də hamı kimi normal bir insanam. Sadəcə olaraq, Allah məni yaradanda deyib ki, mən sənə bu taleyi yazıram, get ailənlə xoşbəxt ol. Dünyanın ən xoşbəxt qadınıyam”.
Rəşad Əliyev, Bizim.Media