“Hansısa bir film və ya serialın çəkilməsi üçün yaxşı vəsait ayrılır. Amma məsələ aktyora veriləcək qonorara gəldikdə pul vermirlər. Serial çəkilir. Bir aktyor 50-dən çox bölümdə oynadığına görə əslində 200 mindən çox pul almalıdır. Həmin pul əvəzinə 1500 manat verir və bir ayın içində səni seriala çəkir və sonrada yola salır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlili qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
Sənətçi aktyorlara verilən qonorarların azlığından şikayətlənib:
“Mən toylara, məclislərə getmirəm. Hər insanın yaş dövrü var. Mən toy və şou-bizneslə bitirmişəm. Mənim indi filmlərə, seriallara çəkilmək zamanımdır. Amma o restorandan bu restorana qaçmaq vaxtım deyil. Mənim artıq 66 yaşım var. Sizin şou-biznesdə baş verənlərdən xəbəriniz yoxdur.
Bu saat biznesi idarə edənlər sənətdən uzaq insanların əlindədir. Elə insanlar “production” açır, iş görür ki, o pulu “qapır”, aparır, aktyorlara isə “yolçu” pulu verir. Demək olar ki, heç pul vermir”.
Rəşad Əliyev, Bizim.Media