Əməkdar artist Nigar Şabanova qalmaqal yaşadığı Xalq artisti Mələkxanım Eyubova ilə bağlı efirdə ona ünvanlanan suala cavab verməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, hadisə Nigarın qonaq olduğu “Dəyişən cavab” verilişində yaşanıb.
Proqramın aparıcısı, stilist və vizajist Anar Ağakişiyevin “Mələkxanım Eyubova da sizin ustadınız, müəlliminiz olub. Amma siz onun adını verilişdə çəkmədiniz. Aranızda inciklik var?” sualına Nigar əvvəlcə gülüb, daha sonra belə bir cavab verib:
“Bəli, Mələkxanım Mədəniyyət və İncəsənət universitetində müəllimim olub. Onunla aramda olan inciklik oldu və keçdi. Ümumiyyətlə o barədə qəti şəkildə danışmaq istəmirəm. Mələkxanım böyük sənətkardır”.
Qeyd edək ki, 2018-ci ilin sentyabrında efirlərin birində qonaq olan Nigar Şabanova bildirib ki, fəxri ad alandan sonra çoxları onu təbrik etsə də, keçmiş müəllimi Mələkxanım Eyubova onu təbrik etməyib.
Daha sonra bildirib ki, Mələkxanım müəllimi olsa da, ona heç nə öyrətməyib. Bunu eşidən Eyubova "Nigar kimdir ki, hər dəqiqə onu gündəmə gətirim. Nigar qələt edir, başını da daşa döyür. Onun tərbiyəsi və mədəniyyəti olsaydı, müəllimi barədə elə sözlər deməzdi" sözləri ilə yanan ocağın üzərinə benzin səpmişdi. Beləcə tərəflər arasında qalmaqal yaşanmışdı.
Rəşad Əliyev, Bizim.Media