Rusiyanın məşhur pop qrupu “Via Qra”nın keçmiş üzvü, müğənni Vera Brejneva Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi Bakıda ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında canlı solo konsert proqramı ilə çıxış edib.
Musiqili gecədə cazibədar Brejneva repertuarında yer alan və dillərdə əzbər olan hitlərini oxuyub. Diqqətçəkən məqam isə onun ifa etdiyi nəğmələrin bəzən sözlərini unutması olub. Konsertdə Vera ifası ilə yanaşı səhnə performansı, rəqsləri və səmimi ünsiyyəti ilə onu seyr etməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb.
Veranın keçmiş əri Konstantin Meladze ona hitləri ilə qastrollara getməyə icazə verib, buna görə sənətçi indi hər çıxışında ona səhnədən təşəkkür edir.
Qeyd edək ki, Rusiya Federasiyasını tərk edən Vera Brejneva hazırda həm İtaliyada, həm də Latviyada yaşayır, eyni zamanda ABŞ-a böyük qızına baş çəkməyə gedir. İndi pop ulduz MDB ölkələrinə qastrol səfərində pul qazanmağa çalışır, çünki son 2 ildə Brejnevanın şəxsi konsertlərinin sayı kəskin şəkildə azalıb və onun reytinqi xeyli aşağı düşüb. Onu da xatırladaq ki, daha əvvəl Veranın Qırğızıstanda çıxışına icazə verilməyib və müğənninin fevralın 18-də Bişkekdəki konserti ləğv edilib.
Rəşad Əliyev, Bizim.Media