"Təəssüf olsun ki, bəzi meyxana həvəskarları, hətta bəzi meyxanaçılar bu sənəti o qədər dar çərçivədə dərk edirlər ki, vaxtı ilə bu hadisələrin realda baş verdiyini hələ də ağılları həzm edə bilmir. Heç yuxuda da görə bilmirlər. Paxıllıqdan görməzdən gələnlər isə ayrı bir acıdır".
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkə hesabında illər əvvəl qonaq olduğu "Gəlin danışaq" verilişindən arxiv kadrları paylaşarkən yazıb.
Sənətçi meyxana sənətinə ləkə salanlara müraciət ünvanlayıb:
"Meyxana yalnız qəzəl, musiqi, gülüş məkanı, əyləncə, drama, nə də mərsiyədən başqa bir şey deyildir. Bu janrların əksəri özlüyündə möhtəşəmdir, lakin meyxana bütün bunların ən şirin, cana yaxın tərəfini özündə ehtiva etmək bacarığı olan sənətdir. Meyxana bununla meyxanadır!
Sadaladığım hər bir janrın əksər müştəriləri meyxanadan həzz payı ala bildiyi üçün meyxana bütün qadağalara rəğmən heç vaxt kütləviliyini itirməyib. Meyxananı sevə-sevə çərçivəyə salıb məhv etməyin, lütfən. İstedadlı və ya həvəskar olmaq hələ geniş təfəkkürə sahib olub təbliğat aparmaq üçün kifayət deyil! Düşüncənizi, dünya görüşünüzü zənginləşdirin mütləq! Meyxananı qorumaq üçün dilinizi qoruyun, amandır".
Rəşad Əliyev, Bizim.Media