Rəhman Rəhmanoğlunun birinci xanımı: “Övladım Emilin öldüyünü “Instagram”dan bildim” - VİDEO

Hazırda oxunan: Rəhman Rəhmanoğlunun birinci xanımı: “Övladım Emilin öldüyünü “Instagram”dan bildim” - VİDEO

178859

“Əziyyətim övladlarım üzərində hədsiz dərəcədə çox olub. Birinci övladım İlham xəstə olub. 9 il ona görə xəstəxanalara gedib, gəlmişəm. Halal xoşu olsun. İlham reanimasiyada olanda 3 gün xəstəxananın dəhlizlərində yatmışam.

Hamı övladımın komadan çıxmağını gözlədiyi zaman mən oğlum İlhamın ürəyinin dayanmağını gözləyirdim. Emil ölümü ilə məni yandırdı, daha doğrusu yandırdılar. Emilin xəstəxanaya düşməsini və reanimasiyada olmasını mənə heç kim söyləmədi. Bacım oğlu “Instagram”dan mənə övladımın ölümünü göstərdi. Mənə imkan vermədilər ki, uşağımın sağikən üzünü görüm. Heç olmasa yataqda görüm Emilin üzünü (ağlayır). Bunu Allah götürər?”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz xanım “O üz” verilişinə müsahibəsində deyib. 

Mərhum müğənni oğlu Emil Rəhmanoğlundan söz açan sənətçi bu itki ilə hələ də barışa bilmədiyini vurğulayıb: 

“Məni heç nə belə yandırmadı, necə ki, Emilin dünyasını dəyişməsi. Kim nə deyir desin,... Güya ki, başımı itirmişdim. Amma bütün bunlar boş söhbətlərdir. Eşitdiyimə görə Emilə yaxınlaşıblar, amma o özünü o yana-bu yana çevirib. Bəlkə o məni, Ulduz anasını axtarırmış... Bəlkə məni görmək istəyirmiş? Mən heç kimə bunları bağışlamayacağam. Heç vaxt bağışlamayacağam”. 

Ulduz xanım bildirib ki, Emil həbsxanada olarkən ona özü baxıb: 

“Emilin əzabını illərlə mən çəkmişəm. 37 il Emilə özüm baxmışam. O kirayə evdən bu kirayə evə köçə-köçə... Mən 4 övladımı “qaz öz balalarını daşıdığı kimi” yanımda danışımışam. Emil bəzi səhvlərinə görə həbs olundu. Onun-bunun evini yığışdırıb, kimlərinsə qabaqlarında diz çöküb həbsxanaya Emil üçün sovqat, yemək  aparmışam”. 

Aktyorun həyat yoldaşı sətiraltı oğlu Emil ilə münasibətlərinin korlanmasında günahı ərinin ikinci ailəsində görüb:  

“Sonuncu dəfə oğlum Emili 2 il bundan əvvəl görmüşəm. Onunla aramızda küsülülük olmuşdu. Amma Emil küsülü qala bilməyən uşaq idi. Bilmirəm necə oldusa, o, bir dəfə də olsun məni axtarmadı. Özü də o xəstəxanaya gedəndə mənə yazdı ki, “Ana mənə halallıq ver”. Cavab verdim ki, “O nə sözdür oğlum, sənə hər zaman halallıq vermişəm, verəcəyəm də”. Ondan sonra Emilin səsini eşitməmişəm.

Gecələr yuxumdan çıxmır. 3 gün əvvəl İlham və Emil yuxuma girmişdilər. İki övladımı torpağın altına qoymuşam. Mən o yataqda yata bilmirəm. Hər dəfə qar yağanda onları fikirləşirəm. Nə bilim vallah... Bu ürək sirli qaladır. Orada nələr var... Nə etmişəmsə həyatda ancaq yaxşılığa görə etmişəm. Başa düşməyiblər. Axı mənim kimlə işim ola bilər? Nə yazılıb qismət də elə odur da... Mən o yazı ilə də razılaşmışam. Mən heç nəyin davasını etməmişəm, etmərəm də...”.
Qeyd edək ki, Emil Rəhmanoğlu 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin