Xalq artisti Aygün Kazımova hər zamankı kimi bu il də ənənəsinə sadiq qalıb. 53 yaşına qədəm qoyan pop diva ad günündə sevənlərinə sürpriz edərək, yeni klipini onların ixtiyarına verib.
Bizim.Media xəbər verir ki, sənətçi müəllifi Yap10 (Zamiq Əliyev) və Saybudura (Səbuhi Məcnunlu) məxsus “Sağ-salamat” adlı mahnını ekranlaşdırıb.
Kazımova klipini türkiyəli məşhur rejissor Selim Akara həvalə edib. Klip üçün Kazımova yenə Türkiyəyə yollanıb. İstanbulda lentə alınan ekran işi üzərində 100 nəfərdən çox heyət çalışıb. Ekran işində rəqqaslar, aktyorlar rol alıb. Bir ay içində ikinci klipini təqdim edən müğənni ekran işində dondan-dona, obrazdan-obraza girib.
Bir neçə geyimdə kamera qarşısına keçən Kazımova üçün libaslar xüsusi hazırlanaraq, xaricdən gətirilib. Pop diva əl işi olan taclarla görünüşünü tamamlayıb.
Çəkiliş zamanı A.Kazımova bir çox çətin səhnələri oynayıb. Qədəh üzərində uzandığı görüntülərin lentə alınması isə ifaçıya çətin anlar yaşadıb. “Sağ-salamat” mahnısını artıq bütün musiqi rəqəmsal platformalarda dinləyə bilərsiniz.
Rəşad Əliyev, Bizim.Media