“Firəngiz Rəhimbəyova Azərbaycanın tanınmış sənətkarlarından idi. O, çox gözəl xanım idi. Firəngiz biraz güləndə və danışanda lap gözəlləşirdi. O, hündürboy xanım idi. Müasir geyimlər geyinirdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov mərhum müğənni və aktrisa Firəngiz Rəhimbəyovaya həsr edilən “O üz” verilişinə müsahibəsində deyib.
“Bəxt üzüyü” filmində Rəhimbəyova ilə tərəf müqabili olan Kərimov qarşı tərəfə aşiq olduğunu etiraf edib:
““Bəxt üzüyü” filmində Firəngizlə bir yerdə olan səhnəmiz vardı. O səhnəni povelyonda çəkdilər. Sınaq çəkilişi idi. İki-üç gündən sonra mənə xəbər etdilər ki, gəl, həmin səhnə və rolunuz təsdiq olunub. Ailə həyatı qurmazdan əvvəl həyat yoldaşıma demişdim ki, mən aktyoram. Səhnədə nə tələb olunsa, onu edəcəyəm. Qəbul et, bəri başdan işimizi bilək. Firəngizin “Bəxt üzüyü” filmindəki Sevda obrazı ona çox yaraşırdı.
O, özü müasir qız idi. O rol da ona çox yaraşırdı. Firəngiz bizim yaddaşımızda belə qaldı. Ona hamı vurulurdu. Əlbəttə gizlincə ürəyimizdən keçirdi ki, ay Allah, nə olardı ki, bu da məni sevərdi (gülür)”.
Qeyd edək ki, Firəngiz Rəhimbəyova ABŞ-da ürəktutmasından dünyasını dəyişib. O, 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurmuşdu. Firəngizin Raisa adlı qızı var.
Rəşad Əliyev, Bizim.Media