“Bir layihə etmək istəyəndə və əlimdə satmağa nəsə olanda çox sevinirəm. Yəni bu layihəni edə biləcəyəm. Şükürlər olsun ki, get-gedə böyüyürəm və ağıllanıram. Bu məsələləri 50 yaşından sonra düşünməyə başlamışam.”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu “Söhbət var” verilişinin Yeni il buraxlışında deyib.
Sənətçi həmkarları tərəfindən onun ünvanına atılan “daşlardan” da söz açıb. Kazımova bildirib ki, öndə olmaq üçün işlərə pəl vurmaqdansa (red. mane olmaqdansa), gecə-gündüz öz üzərində çalışmaq lazımdır:
“50 yaşdan sonra ev tikməyə başlayacağam. Bəzi atılan daşlardan axır ki, özümə evlik daş topladım (gülür). O atılan daşları yığsaydım, özümə kiçik şou-biznes şəhərciyi tikdirə bilərdim. Əziz həmkarlarım öz çıxışlarında deməsinlər ki, şou-biznesdə şou var amma biznes yoxdur. Şou da var, biznes də var... Sadəcə çalışmaq lazımdır. Nə qədər? Gecə-gündüz”.
Aygün vurğulayıb ki, şou-biznesdə həmkarlarının önə çıxmasına heç zaman mane olmayıb:
“Mən o dərəcə də ağılsız insan deyiləm ki, kiminsə yolunu kəsim. Sabah da onlar mənim yolumu kəsə bilərlər. Çünki bu həyat “bumeranq”dır. Karmanı çirkləndirmək kimi şeylər mənə aid deyil. Mən belə insan deyiləm. Necə deyərlər:“Niyyətin hara, mənzilin də ora”. Ona görə də mənim mənzilim olacaq (gülür)”.
Rəşad Əliyev, Bizim.Media