Aparıcı və müğənni Ellada Eyvazova həmkarı Zaur Nəbioğlunu polisə verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Ellada sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada məlumat verib.
Elladanın hüquq mühafizə orqanlarına şikayət etməsinin səbəbi ötən həftə "Rəngarəng səhər" verilişində qonaq olduğu zaman proqramın aparıcısı Zaurun söylədiyi "Ellada verilişdən çıxandan sonra əyləşib müğənni Pünhan Piriyevin avtomobilinə və bərabər gediblər çay içməyə" sözlər olub.
Ellada qalmaqallı məsələnin "əsli-astarını" belə nəql edib:
"Verilişlərə gedəndə köməkçimlə gedirəm. Verilişdən çıxandan sonra hamıdan birinci heç lifti gözləmədən öz ayaqlarımla düşüb avtomobilimə əyləşib, kanalı tərk etmişəm. Gəlin, ATV kanalının kameralarını açaq və baxaq ki, hamıdan birinci necə öz maşınıma minmişəm və oradan çıxıb, getmişəm. Heç utanmadınız, adıma belə ləkə gətirməyi? Olmayan bir şeyi verilişdə gündəm qazanmaq üçün insan nə qədər iyrəncliklərə hazır imiş... Şəxsən mən belə bir addımı bir aparıcıdan gözləməzdim.
Aparıcının arxasıyca apardığı müəyyən bir kütləsi, tamaşaçısı var. Və ilk növbədə aparıcı çalışdığı kanala görə hərəkət etməlidir. Mən özüm ATV kanalında da çalışmışam. Əminəm ki, aparıcının etdiyi yalanlarlardan, iftiralardan heç kimin kanalda xəbəri yoxdur. Amma bu videoaçıqlamada həmin aparıcı Zaur Nəbioğlunun səs yazısını, haqqımda efirdə dediklərini paylaşmışam.
Əminəm ki, bir azərbaycanlı xanımı və öz üzərində çalışan gənc və istedadlı həm aparıcı həm də müğənni kimi həmin kanalda çalışan işçilər və ən əsası rəhbərlik artıq baş verənlərlə bağlı öz tədbirlərini görəcəklər.
Zaur mənə söyləyir ki, “gəl efirimə çıx, biz bunları açıq-aydın elan edək. Bəli, bu, mənim səhvimdir. Səndən çox üzr istəyirəm və zəhmət olmasa bu hadisə ilə bağlı sosial şəbəkədə paylaşım etmə”. Mən isə güvənmədiyim insanların nəyinki efirində, bundan sonra heç yanlarında da görsənmərəm. Məni dost kimi təqdim edən insan səhərisi gün bir subay xanımın üzərinə bu cür yalan və böhtan ata bilirsə, düşünürəm ki, o insan ilk növbədə özünə baxmalıdır, reytinqə və pula görə əziz qardaşım, bu dünyada hər şey etmirlər.
Necə mən hansısa bir evin xanımı, qızı, bacısıyam, sizin də evinizin xanımları var. Hansısa bir şərə, böhtana əl atıb pul qazanmaq niyyəti ilə efirə çıxırsınızsa, efiri kirlətməyin".
E. Eyvazova sözügedən açıqlamanı sosial şəbəkə səhifəsində yayımlayaraq 102-yə zəng vurduğunu və aparıcı Zaur Nəbioğludan şikayət etdiyini yazıb.
Qeyd edək ki, sözügedən videoaçıqlamada aparıcı Zaur Nəbioğlunun Elladaya zəng vuraraq üzrxahlıq etməsi və bu məsələni ictimailəşdirməməsi ilə bağlı ricası səsli şəkildə əks olunub.
Rəşad Əliyev, Bizim.Media