Fədayə: “Həbsə düşəndə ilk istəyim uşaq evində böyüyən yiyəsiz bir insan olmaq idi” – VİDEO 

Hazırda oxunan: Fədayə: “Həbsə düşəndə ilk istəyim uşaq evində böyüyən yiyəsiz bir insan olmaq idi” – VİDEO 

161325

“Hadisə başıma gələndə (həbsini nəzərdə tutur – red.) ilk düşündüyüm “Kaş, mən uşaq evində böyüyən yiyəsiz bir insan olardım” oldu. Niyə? Ona görə ki, əzizlərim əziyyət çəkməsin. Əzizlərimi bu hadisə ilə çox üzdüm. Kaş, əzizlərim olmazdı, tənha olardım. Hərdən insan bu kimi şeyləri arzulayır. Kim özünə tənhalıq arzulayar ki... Amma elə bir an olur ki, insan tənha olmağı arzulayır. İnsan heçnədən sığortalanmayıb”. 

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə günlük Vətənə gələn müğənni Fədayə Laçın qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində deyib. 

Sənətçi 2017-2019-cu illərdə düşdüyü həbs həyatından söz açıb: 

“Hamı mənim azadlığa çıxmağımı istəyirdi. Bu isə mənə bir stimul idi. Həbsxanada da hamı məni çox istəyirdi. Orada da oxuyurdum. İki il həbsdə qaldım. Həbsdən çıxandan sonra ağıllı qız oldum. Gərək çoxdan həbs edərdilər məni (gülür).

Əlbəttə ki, bunlar hamısı zarafatdır. Zarafat etməyi çox sevirəm. İnsan həyatda belə hadisələri yaşadıqca ayılır. Həbsxana elə bir yerdir ki, orada düşünməyə vaxtın çox olur. Elə oturub, düşünürsən. Bütün həyatım gözümün qabağından keçdi. Sənə can deyənlər yoxa çıxdı. Amma tanımadığın insanlar sənə dəstək çıxdı. Özü də elə yaxşı dəstək oldular. Həqiqətən, məəttəl qalmışdım. Mənim əlimdən oxumaq gəlir.

Kiminsə gedib məclisində pulsuz oxumaq, yaxşı işdir. Onu da o qədər etmişəm ki... Yenə də edirəm. Ailəm, anam və üç bacım süründülər arxamca. Onlar mənə dəstək oldular. Həbsxanada qızlar var idi ki, heç yanlarına belə gələn yox idi. Qız var idi ki, valideynlərinə zəng vururdu, amma onlar ona cavab vermirdilər. Düşünürəm ki, o qız valideynlərini nə qədər boğaza yığıb ki, onlar da onunla danışmaq istəmirdilər.
Orada qızlar var idi ki, yiyələri ondan üz çevirmişdi. Onlara baxanda mən çox şükür edirdim. İcazə olmadığından həbsxanada yanıma gələn məşhur olmadı. Bunu özləri də sonradan mənə söyləyirdilər. Həbsxanaya ailəmdən başqa şəxslərin yanıma gəlməsinə icazə yox idi”. 

Fədayə qanunu pozduğu üçün özünü günahkar saydığını söyləyib: 

“Cəzam 2 ildən 6 ilə kimi idi. Amma heç zaman istəmirdim ki, məni tez azadlığa buraxsınlar. Çünki bilirdim ki, bu, mümkün deyil və ən azı 2 il sən həbsxanada qalmalısan. Allaha yalvarırdım ki, cəzam ən azı 2 il olsun. 5 il cəza alsam da, sonradan bu cəza 2 ilə qədər azaldıldı. Qanunu pozduğum üçün özümü günahkar sayırdım. Amma bəzi məsələlər var ki, xeyr. Sevgi peşmanlıq gətirir”. 

47 yaşlı müğənni həyatında heç kimin olmadığını dilə gətirib: 

“Həyatımda heç kim yoxdur. Olmayacaq da... 47 yaşım var, amma qocalmamışam. Sevgi məsələsi, yəni o kitab bağlandı getdi. Məndə sevgi istəyi də yoxdur. O hisslər yoxdur, öldü. Olmasa daha yaxşıdır. Sevgi hisslərimi həbs etdim. Peşmanlığım yoxdur. Çünki peşman olsam, guya nə olacaq ki? Nə dəyişiləcək ki? Etdikdən sonra qəbullanmaq lazımdır”. 

Fədayə Laçına gedib, orada uyuyan yaxınlarının məzarını ziyarət etmək istədiyini vurğulayıb: 

“Boya-başa çatdığım Laçına getməmişəm. Amma getmək çox istəyirəm. Maraqlanıram ki, necə getmək olar. Öz kəndimizə getmək istəyərəm. Deyəsən, bizim kəndimizdə heç kim yoxdur. Maraqlandım, dedilər ki, orada heç kim yaşamır.

Biz Laçın şəhərinin özündən yox, kəndindənik. Ora getsəm birinci qəbiristanlığa, nənəmin, babamın və digər qohumlarımın məzarını ziyarət etmək istəyirəm”. 

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 29 oktyabr 2019-cu ildə azadlığa buraxılıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin