“Rəhim (müğənni Rəhim Rəhimli – red.) mahnı hazırladı: “Kimlər gəldi, kimlər getdi”. Orda səhnə adamlarından bəhs olunurdu. Jurnalistlərdən biri o mahnının mənə ünvanlamış kimi qələmə verdi. Rəhim də həmin suala cavab vermədi. Rəhimə zəng vurdum. Ona söylədim ki, bu nə məsələdir belə... Bilirəm ki, sən deməmisən, jurnalist deyib. Sənin isə tam imkanın var ki, dönüb söyləyəsən ki, bu, Faiq Ağayev barəsində deyil. Cavab verdi ki, boş ver dostum. Mən bu mahnını sənə aid etməmişəm. Məsələ ilə bağlı məndən soruşanda isə sərt çıxış etdim”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “O üz” verilişində deyib.
Sənətçi mərhum həmkarı Rəhim Rəhimli ilə aralarında yaşanan qalmaqaldan söz açıb:
“Çıxışımın efirə getməsindən 20 dəqiqə sonra Rəhim mənə zəng edib, söylədi ki, mən nə boyda qələt eləmişəm. Bilsəydim ki, söhbət belə qızışacaq özüm çıxış edib deyərdim ki, bu mahnının siz Faiq Ağayevə aidiyyatı yoxdur. Rəhim mənimlə hər zaman “siz” deyə müraciət edərək, danışırdı. Baxmayaraq ki, aramızda aşırı səmimi münasibət vardı. O heç zaman qanacağından və mərifətindən qalmazdı. Ona dedim ki, elə et ki, bir də səndən inciməyim. Mənim də xasiyyətim belədir. Dedi ki, baş üstə. Bundan sonra Rəhimdən bir dəfə də olsun yalnış çıxış görmədim”.
Ağayev bildirib ki, Rəhimli ilə onun arasını vurmağa çalışan həmkarları mərhumun dəfn mərasimində saxta göz yaşı axıdıb:
“Bilirəm Rəhimin elə çıxış etməyinin səbəbi nə idi və kim onu qızışdırmışdı. Bilirəm ki, ideyanı ona kim vermişdi. Həmin şəxs Rəhimin dəfn mərasimə gəlib, “timsah göz yaşı” töküb. Halbuki, onun ən böyük düşməni o insan idi. Ən böyük düşməni... Bu haqda Rəhimin dəfnindən sonra da müsahibə vermişdim.
Müsahibəmdə demişdim ki, Rəhimin həyatını puç etməyə çalışan və vaxtını ona sərf edən insanlar gəlib onun dəfnində “timsah göz yaşlarını” tökür. Rəhimə etdiklərinə görə mütləq məsuliyyət daşıyacaqlar. Necə ki, bununla bağlı problem yaşayırlar”.
Qeyd edək ki, Rəhim Rəhimli ötən il sentyabrın 30-da dünyasını dəyişib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub. İfaçı eyni zamanda qaraciyər sirrozundan əziyyət çəkirmiş.
Rəşad Əliyev, Bizim.Media