“Ad günümdə telefonu söndürmürəm. O qədər təbrik mesajları və zənglər gəlir ki… Ad günümdə günümü daha çox ailəmə həsr edirəm. Səhərisi gün isə məni təbrik edənlərə cavab verirəm. Bacardığım qədər doğum günümdə 16 oktyabrda cavab verməyə çalışıram. Doğum günü adi bir günlərdən biri olur mənim üçün. Yaşımın üstünə yaş gəldiyi üçün "min şükür" deyirəm. Yeni yaşımdan qorxmuram. Yaş rəqəmlərdən ibarət olan bir şeydir. Banal səslənsə də amma belədir, insan özünü hansı yaşda hiss edirsə, elə o yaşdadır. Bunu da özümüz yaratmalıyıq. Ad günüm olduğunun fərqinə varmıram. Bəzən kapriz edirəm. Amma hansısa bir günlərdən biri olur”.
Bizim.Media xəbər verir ki, bu sözləri bu gün doğum gününü qeyd edən Xalq artisti Zülfiyyə Xanbabayeva qonaq olduğu “Özəl” verilişində deyib.
56 yaşına qədəm qoyan sənətçi həm hədiyyə verməyi, həm də almağı çox sevdiyini bildirib:
“Özümə hədiyyə almaq üçün niyə ad günümü gözləməliyəm ki? Hədiyyəni çox sevirəm. Fərq yoxdur kiməsə edəndə və ya kimdənsə o hədiyyəni qəbul edəndə. Hədiyyənin kiçiyi və ya böyüklüyünə baxmıram. Özümə nəyisə hədiyyə etmək istəyəndə ad günümü gözləmirəm. İstədiyim zamanı özümə hədiyyə edirəm”.
Z.Xanbabayeva “açılıb-tökülmək” kimi xasiyyətinin olmadığını vurğulayıb:
“Artıq bu 35 ildə məni izləyənlər, sevənlər və tamaşaçılarım mənim haqda hər şeyi bilir. Düzdür, bilmədikləri də var. O da artıq mənə qalsın. Amma onlara lazım olan haqqımda məlumat var. Bu gün mən yalnız mahnılarımla insanların ruhunu oxşaya bilərəm. Məni hamı yaxşı tanıyır, bu illər ərzində özüm haqda çox danışmışam. Açılıb-tökülmək kimi ümümiyyətlə məndə elə bir xasiyyət yoxdur. Amma Bakı balaca şəhərdir, bilənlər haqqımda nə lazımdırsa bilirlər”.
Rəşad Əliyev, Bizim.Media