“Bacımın vaxtsız getməsi, illərlə yataq xəstəsi olması və gözümüzün önündə damcı-damcı əriməsi… Heçnə edə bilmədim. Əgər nələrsə edə bildimsə, o da müvəqqəti etdim. Guya nəsə edib xəstəliyinin qarşısını aldım. Əslində isə özün özünü aldadırsan”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Rəngarəng səhər” verilişində uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişən bacısı Sərfinaz Müqbilova ilə bağlı xatirələrindən danışarkən bildirib.
Sənətçi bacısının ondan və övladlarından “Allaha yalvarın ki, tez canımı alsın” diləməsini istədiyini vurğulayıb:
“Hər zaman bacıma deyirdim ki, hər şey yaxşı olacaq. O isə cavabında mənə “Sən yaxşı qardaş deyilsən. Sən axı, niyə mənə demirsən ki, Allah canımı tez alsın, sizin də canınız məndən qurtarsın”. Söylədim ki, axı mən necə Allaha deyim ki, bacımın canını al. Deyirdi ki, sən də, övladlarım da pisdir. Çünki siz mənə şəfa diləyirsiniz (ağlayır). Allaha deyin ki, canımı alsın və mən bu əzablardan birdəfəlik qurtarım”.
Müğənni bacısı dünyasını dəyişəndə onun yanında olmadığını söyləyib:
“Bacım gecə saatlarında dünyasını dəyişdi. Mən o vaxt onun yanında deyildim. O artıq dünyasını dəyişəcəyini hiss edirdi. Qızı Nüşabəyə söyləyib ki, səni övlad olaraq bağışlamıram. Allaha de ki, canımı tez alsın. Nüşabə də deyib ki, ana, axı mən Allahdan bunu necə istəyim. Bacım qızına söyləyib ki, artıq mən gedirəm, ölümümün zamanı uzanır və əziyyət çəkirəm. Dünyasını dəyişən atan yanıma məni aparmağa gəlib. Mən isə onunla getmək istəmirəm. Nüşabə sonra bizə dedi ki, o, əlini Allaha açıb “Sən bilən yaxşıdır. Özün bilən necədirsə elədə et”. 10 dəqiqədən sonra anasının yanına gələndə görüb ki, dünyasını dəyişib”.
Qafarzadə bacısının son vəsiyyətini də açıqlayıb:
“Bacım vəfat etməzdən əvvəl uşaqlarını mənə tapşırdı. Həftədə bir dəfə onlara baş çəkirəm. Baxmayaraq ki, onlar artıq böyükdürlər və onların da uşaqları var. Yanlarındayam…
Bacım dedi ki, balalarımı başsız qoyma. O vəsiyyəti mənə anam da 2000-ci ildə dünyasını dəyişəndə etmişdi. Bu yük hər zaman mənim çiyinlərimdədir. Bacardığım qədər bacımın uşaqlarının yanındayam. Bacım yuxularıma da gəlmir”.
Qeyd edək ki, Nadir Qafarzadənin bacısı Sərfinaz Müqbilova 58 yaşında ötən ilin oktyabr ayında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media