“Son zamanlar inamım artmışdır ki, oğlum Emil çox yaxşıdır. Pis vərdişlərindən uzaq olmuşdu, kökəlmişdi. Düşünürdüm ki, bundan sonra o xoş gün görəcək. Məzuniyyətdə olanda ürəyim birtəhər olurdu. Tez-tez yadıma Emil düşürdü. Ona zəng edib danışırdım, amma ürəyim ondan çox narahat idi. Mən oğlumun öləcəyini gözləmirdim”.
Bizim.Media xəbər verir ki, bu sözləri sənətkar “Elgizlə izlə” ictimai-sosial verilişinə müsahibəsində deyib.
R.Rəhmanov oğlunun pis vərdişlər ucbatından dünyasını dəyişməsi şayiələrinə aydınlıq gətirib:
“Ağzıgöyçəklər Emilin qəfil dünyasını dəyişməsini pis vərdişləri ilə əlaqələndirirlər. Amma bu doğru deyil. Emil trombdan vəfat etdi. Həkimlər onun rəsmi olaraq ölüm sənədini təqdim etdilər. Orada da onun ölüm səbəbi tromb yazılıb”.
Aktyor oğlunun qəfil vəfatı ilə hələ də barışa bilmədiyini vurğulayıb:
“Gecələr yata bilmirəm. Mənim üçün çox çətindir. 19 il əvvəl ikinci oğlum İlham dünyasını dəyişib. İndiyə kimi onun yoxluğuna öyrəşə bilmirəm. Qalsın ki, kiçik oğlum Emil. O hər şeyin yerini bilən, zarafatçıl idi. İnsan onunla danışanda əhvalı yüksəlirdi. Oxumağına və səsinə söz ola bilməz. Emilin “Azəri star” yarışmasına gəlməsinin ən başlıca səbəbi Elgiz Əkbər olub. Bir var valideyn övladının çiynində məzara gedər. Bir də var ki, oğul atanın çiynində getsin. Bundan böyük müsibət yoxdur. Dostları qoymadı Emili çiynimə alım. Onun dostları hər bir şeyi özləri etdilər”.
Emilin böyük qardaşı Teymur onunla olan xatirələrini yada salaraq, kövrəlib:
“Qardaşım Emil hər zaman məndən nigaran idi. O məndən yaşca kiçik olsa da, hər zaman mənə dəstək olurdu, hər bir işimdə yardım edirdi, əlimdən tuturdu. Hər zaman deyirdi ki, mənim böyük qardaşım sənsən. Emil ölənə kimi məni soruşurdu. Allah Emilə rəhmət eləsin.
Sonuncu dəfə iki ay əvvəl görüşmüşdük. Küçədə də, evdə də görüşmüşük. Bir tək indi düşündüyüm iki qardaşımı itirdim, amma atamı Rəhman müəllimi itirsəm, əlim-qolum sınar (ağlayır). Ailəliyəm, bir qızım var”.
Qeyd edək ki, Emil Rəhmanoğlu 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib.