“Flora Kərimova ilə doğma bibiqızı, dayıoğluyuq. Flora xanım atamın bacısıdır. Atam şuşalı, anam isə naxçıvanlıdır. Flora xanımın atası Qəbələdən, anası isə Şuşadandır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. Sənətkar mərhum Xalq artisti İlhamə Quliyeva ilə münasibətlərindən söz açıb. Məmmədov bildirib ki, Quliyeva hər zaman ona “Sənin bibin qızı Flora Kərimova yox, mənəm” deyib:
“İlhamə Quliyeva mənim qohumum yox, yaxın dostum idi. O özü deyirdi ki, Cavanşir mənim qohumumdur. İlhamə Quliyeva zarafatla mənə deyirdi ki, “Sənin bibin qızı mənəm, Flora yox”. Mən isə cavabında deyirdim ki, “Xeyr! Mənim bibim qızı Flora xanımdır”. Flora Kərimova mənim “ağbirçəyimdir”.
Cavanşir bildirib ki, İlhamə Quliyeva sağikən ona duet oxumağı təklif etsə də, o, qarşı tərəfə rədd cavabını verib:
“Flora Kərimova evdən çox çıxan insan deyil. Amma mərhum İlhamə Quliyeva ilə tez-tez nahar və şam yeməyində görüşürdük. Yaradıcılıqda da biz bir yerdə idik. Flora Kərimova ilə mənim beş duetim var. O zamanlar İlhamə xanım mənə duet oxumağı təklif etdi. Cavabında söylədim ki, mən bibim qızı Flora xanımla oxumuşam. Yəni mən konkret insanam. Duet ortağım və sənət dostum Əməkdar artist Firüzə İbadovadan başqa heç kimlə duet oxumaram. Mən belə insanam”.
Proqramın gedişatında Elgiz Əkbərin “Rəhmətlik İlhamə Quliyeva Cavanşir Məmmədovu çox istəyirdi. Satdığı evin pulunu da Cavanşir Məmmədova vermişdi ki, saxlasın” sözlərinə Əməkdar artisti “Bəli, məni çox istəyirdi. İlhamə Quliyevanın satdığı evin pulu iki ay məndə qaldı. Biz iki ay ailəlikcə evdən çölə çıxmadıq ki, birdən ev yanar və ya bir bədbəxt hadisə olar, deyərlər ki, Cavanşir bilə-bilə etdi ki, pulu verməsin” cavabını verib.
Rəşad Əliyev, Bizim.Media