Əməkdar artist Ağalar Bayramov 32 il əvvəl 9 yaşında dünyasını dəyişən və Qubadlı şəhərində dəfn olunan oğlu Şəhriyardan söz açıb.
Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “Rəngarəng səhər” verilişində bildirib ki, digər oğlu Nicat dünyaya gələn övladına qardaşı Şərhiyarın adını verib.
“Oğlum Şəhriyarın 9 yaşı var idi. O, ikinci sinifdə oxuyurdu. 1991-ci ilin mayın üçü idi. Tale onu əlimdən aldı. Bu hadisədən sonra mən səbr etdim. 1993-cü ildə bir oğlum dünyaya gəldi. Ona Nicat adını verdim. Hazırda onun 30 yaşı var. O, Fövqaladə Hallar Nazirliyinin (FHN) Sumqayıt şəhər Regional Nəzarət İdarəsində zabit vəzifəsində çalışır.
Siz bir qismətə baxın, oğlum Nicatın keçən ilin iyunun 28-də oğlu dünyaya gəldi. Hələ körpə xəstəxanada idi, xəbər tutdum ki, Nicat övladına rəhmətlik qardaşının adını verib. Şəhriyar adını qoyub. Bunu biləndə isə sevincimin həddi-hüdudu yox idi. Bu xəbəri isə mənə Nicat oğlumun qız övladı, nəvəm Şəhrizat dedi”, - deyə A.Bayramov vurğulayıb.
İki il sonra Qubadlıya gedən Əməkdar artist orada dəfn olunan oğlu Şəhriyarın məzarını Azərbaycan bayrağına bürüdüyünü söyləyərək, efirdə göz yaşı axıdıb:
“2021-ci ilin yanvarın 30-da mən qazilərlə birgə Qubadlıya getdim. Həyat yoldaşım Qubadlıdandır. Oğlum Şəhriyar elə orada dəfn olunub. Oğlum Şəhriyarın məzarını ziyarət edəndə dedim ki, bu şəhid övladlarımız sənin məzarını əsirlikdən xilas etdi. Bu hissləri sizə sözlə ifadə edə bilmirəm. Şəhriyarın məzarı önündə dizin-dizin sürünüb, nalə çəkdim. Amma bunların hamısı sevinc göz yaşları idi. Orada özümü saxlaya bilmədim. Ona dedim ki, 30 ildir vəfasız atan səni görməyə gəlib (ağlayır). Nə deyirsən, de! Sənə 30 ildir ki, həsrət qalmışam. Amma indi zəfər salıb, gəlmişəm. Özümlə Azərbaycan bayrağını aparmışdım. Oğlumun məzarını Azərbaycan bayrağına bürüdüm. Şükür bu günə...”
Kövrələn A.Bayramovu bu vəziyyətdən çıxarmaq üçün proqramın aparıcıları canlı efirə sənətkarın nəvələrini dəvət ediblər.
Həmin görüntüləri sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media