Mehin: “Xoşbəxtlik ərə gedib, uşaq doğub, bozbaş bişirməkdən ibarət deyil” – MÜSAHİBƏ

Hazırda oxunan: Mehin: “Xoşbəxtlik ərə gedib, uşaq doğub, bozbaş bişirməkdən ibarət deyil” – MÜSAHİBƏ

155350

Müğənnilik istedadı ilə parlayıb aparıcı kimi özünü təsdiqləyən Mehin Hümbətovanın Bizim.Media-ya özəl müsahibəsini təqdim edirik:

- Payız fəslini yaşasaq da, yay mövsümü sizin üçün kifayət qədər aktiv və rəngarəng keçdi. Ailəlikcə İtalyaya yollandınız. Bu səfər yaddaşınıza hansı məqamlarla həkk olundu?

- Bu yay mövsümü yaddaşımda havanın həddən artıq isti keçməsi ilə qaldı (gülür). Hansı ölkəyə uçurduqsa, hava dəhşət isti idi. Nəfəs almaq olmurdu. Ailəlikcə qərar verdik ki, tətilə gedək. Bacım Günel qızı Jozefina ilə birlikdə Amerikadan, mən isə anamla birgə İtaliyanın qədim və turistik şəhəri Pasitanoya gəldik. Sonra getdik Kapri adasına. Çox maraqlı keçdi. İlk dəfə idi ki, ailəlikcə bir araya gəlib, istirahətə yollandıq. Əslində bu tətil Günelin ideyası idi. Novruz Bayramında bacım Bakıya gəldi və təklif etdi ki, “iyulda həm ad günümdür, həm də məzuniyyətə çıxacağam, harasasa uçaq”. Təsadüfdən anamın da məzuniyyəti elə o zamana düşürdü. Günel biletdən tutmuş, harada qalacağımıza qədər müəyyənləşdirdi. Beləcə əsrarəngiz İtalyaya səfərimiz baş tutdu.

- Yeni mövsümə yeni layihə ilə start verdiniz. “Sən yoxsan” adlı mahnınıza çəkilmiş klip kifayyət qədər maraqlı görüntülərlə yadda qaldı. Ekran işinin çəkilişlərinin ağır və çətin keçdiyi haqda xəbərim var. Danışın, oxuyucularımız da xəbərdar olsun...

- “Sən yoxsan” adlı yeni mahnımın klipini iyunun əvvəli çəkdirməyi, yayda təqdim etməyi planlaşdırırdım. Ekran işini türk rejissoru lentə almalı idi. Amma o, bizi yumşaq desək, aldatdı. Onun ucbatından çəkilişlər yubandı, planlarımız isə alt-üst oldu. Bu işimiz uzandıqca uzandı, gəldi çıxdı avqust ayına. Bu ayda isə dəhşətli istilər oldu. Bir otun, ağacın yetişmədiyi, kölgənin də olmadığı  Xızı dağlarında çəkilişlərə başladıq. Təsəvvür edin 40-45 dərəcə isti, 20 nəfər çəkiliş heyəti... 200 butulka su içmişdik. İstini sizə sözlə ifadə edə bilmirəm. Heyət çox əziyyət çəkdi. Dağı isə ayaqyalın qalxıb, düşürdüm. Klipdə yağış səhnələri var. 

Rejissor Azərlə danışanda, bu yağışın necə yağacağı üzərində düşünürdük. Su maşını gətirmək fikri isə daha ağlabatan olsa da, Azər dedi ki, bu texniki olaraq mümkün deyil. Çünki dağın başına yəni təpəsinə o həcmdə maşın qalxmaz. Bu yağışı o qədər ürəkdən istədim ki, tam o dağın başına çıxdığım an Allah bizə onu yetirdi. Həmin an sevincdən gözlərim doldu. Klipdə həmin kadrı görmək mümkündür. O an Allaha min dəfə şükür etdim ki, istədiyimi ən yaxşı formada mənə yetirdi. Bir sözlə bu klipə görə, zülm və əziyyət çəkdim. Amma ümid edirəm ki, Allah bizim bu əziyyətimizi yerdə qoymayacaq. 

- Bu klip sizə neçəyə başa gəldi?

- Tam məbləği açıqlamaq istəmirəm. Amma Azərbaycan reallığı üçün çox baha başa gəldi. Nəzərdə tutduğum smetanı kifayət qədər aşdı. Çünki hər şeyi ən yaxşısını etməyə çalışdıq. İstədiyim nəticəni də aldım.

- Müğənnilik fəaliyyəti ilə bərabər həmçinin “7 özəl” verilişinin aparıcısısınız. Yeni mövsümdə bu verilişin davamı olacaq?

- Bəli, verilişi bu mövsüm də aparacağam. Bununla bərabər həmçinin ATV kanalından şou-biznes xəbərləri yəni “maqazin”  formatında bir proqram da mənə təklif olunub. Hazırda elə o təklifin üzərində fikirlərimi cəmləmişəm. Qismət, baxaq görək nə olur... 

- Aparıcısı olduğunuz veriliş və layihə üzərində düşündüyünüz “maqazin” proqramı adətən səs-küylü, söz-söhbətli, dava-dalaşlı olur. Müğənnilərin dilinə düşüb, qalmaqal yaşamaq sizi qorxutmur?

- Əsla, heç kimdən nə çəkinirəm, nə də ki, qorxuram. Bu məni narahat etmir. Çünki “7 özəl” verilişimdə mövzular kifayət qədər odlu-alovlu və qalmaqallı olub. Bəli, şou-biznes nümayəndələrimiz inciyir. Amma yenə də deyirəm bu məni narahat etmir. Özüm necə tənqidə açığamsa, eyni şeyi də qarşımdakı insanlardan gözləyirəm. Tənqidi qəbul edib inkişaf etmək lazımdır, nəinki, tənqiddən inciyib, komplekslərə qapılmaq. Onlar öz komplekslərini aradan qaldırmalıdırlar, nəinki, tənqid edən insanlardan incimək. Müğənnilər tərif üçün ölürlər.

Tərifləyəndə olursan, ən yaxın və yaxşı dostları. Amma bir balaca tənqid edən kimi olursan düşmən. 

- Verilişinizdə qalmaqal yaşadığınız hansısa məşhur olub?

- Bəli olub. Qonağım modelyer, dizeyner xanım ifaçıların geyimini müzakirə edirdi. Müzakirədən sonra isə onları pillələrə düzürdü. Elə oldu ki, modelyerimiz çalışdığı xanım Xalq artistini ikinci pilləyə qoydu. Bunu biləndən sonra o həmin modelyeri “yıxdı-sürüdü”, “suladı-qurutdu”. Həmin modelyer xanım mənə və verilişin redaktoruna zəng etdi. Xahiş etdi ki, “verilişdə gedən həmin hissəni kəsin mənə göndərin məndə Xalq artistinə göstərim ki, orada nə danışmışam”. Başımız ağrıdı... Onlar o qədər komplekslidirlər. Burunları dik olsa da, özgüvənləri yerin altındadır. Öz kompleksləri ilə daşıdıqları statusa kölgə salırlar. Onsuzda mənim şou-biznes nümayəndələri ilə nə dostluğum, nə də ki aslılığım var. Şükürlər olsun... Kim inciyirsə, Allah köməkləri olsun!


- Şou əhlindən sizə hiylə işlədib, badalaq vuran var?

- Xeyr! Çüki toy biznesində yoxam. Olsaydım, əminəm ki, badalaq vurardılar. Belə şeyləri isə çox eşidirəm. Bir-birilərinin çörəyinə bais olurlar. Şükürlər olsun ki, onlardan heç bir asılacağım və karyeramın onlara toxunacağı yoxdur. Özüm üçün ifa edirəm, verilişimi aparıram, öz həyatımı yaşayıram. Mənə heçnə edə bilməzlər.

- Sözlərinizdən aydın olur ki, Mehin müğənnilik fəaliyyətindən pul qazanmır...

Doğru vurğuladınız, müğənnilikdən gəlir əldə etmirəm. Daha çox verilişlərdən, korporativlərdən və qlobal markaların reklam tədbirlərinin aparıcılığından pul qazanıram. Bir sıra reklam şirkətləri ilə əməkdaşlıq edirəm. 

- Əgər müğənnilikdən pul qazanmırsınızsa, niyə ifaçılıq karyerasını seçmisiniz?

- Çünki ifaçılıq təhsili almışam. Özümü ifadə etdiyim ən yaxşı sahədir. Düşünürəm ki, Allahın verdiyi istedadı boğub, saxlamaq olmaz. Düşünürəm ki, hər mövsüm heç olmasa, bir dənə layihə reallaşdırmaq lazımdır.

- Mehin həmdə iş xanımıdır. “Bir əldə bir neçə qarpız tutmaq” çətin deyil? 

- Bu kafeni mən idarə etmirəm. Şərikim var. O yaxın dostumdur. Həmin şəxs bu kafeni idarə edir. Bütün işçilər və müştərilərlə özü yaxınlaşıb, maraqlanır. Bizim kafeyə gələn müştərilər məmnun qaldıqları üçün davamlı yollarını buradan salırlar. Bu isə müştəri məmnuniyyətindən gələn məsələdir. 

- Niyə məhz kafe açdınız? Çünki bir çox şou nümayəndələri ya gözəllik salonu ya da geyim butiki açıllar. 

- Uşaqlıqdan bəri hər zaman istəmişəm ki, restoranım olsun. Hələki bir kafemiz fəaliyyətdədir, amma gələcəkdə sayını artırmağı düşünürük. O ki qaldı geyim mağazası açmağa... Ətrafımda kifayət qədər geyim biznesində olan insan var. Türkiyədən mal vurub, həmin geyimlərin “etiketi”ni dəyişib öz adlarını yazdıran kim, “Pinterest” proqramına daxil olub, şəkillərə baxıb, “öz dizaynım” adı ilə paltarlar tikən kim... Bir sözlə geyim sahəsi bizdə hələ də oturuşmayıb. Özümü isə bu sahədə, ümumiyyətlə, görmürəm. Məhz buna görə, bu sahəyə deyil, dostumun təklif etdiyi restoran, kafe sahəsinə qol qoydum. 

- Kafedən pul qazana bilirsiniz?

- Şükürlər olsun ki, qazanıram. Qazanıram... Əgər gördüyün işin ən yaxşısını etməyi çalışırsansa, mütləq ruzin gələcək. Yoxsa başdan sovdu, “yolaverdi” edəcəksənsə, heç bir nəticəsi olmayacaq. “İşləməyən, dişləməz”.

- Qazancınız yoxsa xərcləriniz çoxdur?

- Birmənalı şəkildə, xərclərim. 

- ABŞ-da yaşayan bacınız Günel Hümbətova necədir?

Məsafələr uzandıqca əlaqələr daha da uzanır. Hər gün olmasa da amma çalışırıq tez-tez ünsiyyətdə olaq. Günel öz qızı ilə ABŞ-da halalca, xoşbəxt həyatını yaşayır. Karyerasını da orada qurub. Azərbaycandan Amerikaya köçüb orada öz ayaqlarının üzərində durmaq olduqca çətin məsələdir. Çünki ora gedən əksəriyyət, təəssüflər olsun ki, ya taksi sürücüsü, ya da hansısa kafe, restoranda ofisant kimi işləyir. Əziyyətlə nələrsə etməyə çalışırlar. Günel orada çox böyük şirkətlərin birində çalışır. Qızı isə dövlət məktəblərinin birində təhsil alır. 

- Demir ki, gəl köç ABŞ-a?

- Deyir... Bir dəfə “Green Card” oynadım, amma qazanmadım. Deyir ki, yenə sənədlərini ver, çıx Bakıdan. Amma hələki buradayam. Sözün açığı, anamı Bakıda tək qoyub harasa köçə bilmərəm. İstəyirəm ki, onu da kiçik bacımı da bir yerdə özümlə aparım. Harasa köçüb, sıfırdan başlamaq çox çətindir.  Bilirsiniz ki, bütün sərmayəm və hər şeyim Bakıdadır. Hazırda karyeramın çiçəklənən dövrüdür. Bunları atıb getmək ağılsızlıq və çətin olar. Amerikada deyil, Avropada yaşamaq istəyərəm. Mən təbiətin və tarixin vəhdət daşıdığı yerlərə daha meyilliyəm. Amerika isə mənlik deyil”.

- Bacınız Günel bir neçə ay əvvəl həyat yoldaşı Firuz Soliyevdən boşandığını açıqladı. O bu addımı atanda ona hansısa məsləhət verdiniz?

- Günel elə bir insandır ki, ona məsləhət versən də, verməsən də öz bildiyini və ağlındakını edəcək. O öz ayaqlarının üzərində duran insandır. Həm də lider xasiyyətlidir. Mən isə şəxsi məsələlərə qarışmağın tərəfdarı deyiləm. Bu həm ailə üzvlərimə həm də ətrafda olan insanlara aiddir. Çünki şəxsi həyat qərarları elədir ki, bu sənin gələcəyinə təsir edir. Ona görə də, qarışmadım və məsləhət də vermədim.

- Sizin qərarlarınıza evdə kimsə müdaxilə edir?

- Əsla! Anamız bizi daha sərbəst, müstəqil böyüdüb. Ona görə də verdiyimiz qərarlara müdaxilə olunmur. Hətta səhv qərar olsa da belə, anamız arxamızda durub, dəstək olur. Heç kim qərarlarıma təsir göstərmir”.

- Son statistikaya görə, Azərbaycanda boşanmaların sayı qat-qat artıb. Fikrinizcə, buna səbəb nədir?

- Bu valideyinlərin dırnaqarası mental dəyərləri uşaqlara sırımasından irəli gəlir. Bu həm oğlanlara, həm də qızlara aiddir. Hamı “təki evlənsin”, deyə ailə qurur, ərə gedir, uşaq dünyaya gətirir. Bizim cəmiyyətdə hamı özünü sübut etmək üçün ailə qurur. Heç kəs öz xoşbəxtliyinə görə ailə qurmur. Uşaqlıqdan valideynlər və ətraf deyir ki, mütləq şəkildə evlənməlisən, ərə getməlisən, qayınana və qayınataya baxmalısan, övlad sahibi olmalısan. Bunlar isə sənin həyatdakı rolundur. Bizim cəmiyyətdə insanlara ailə həyatını o qədər yükləyirlər ki, hamı o düşüncə ilə böyüyür. Böyüyəndə də ailə qururlar sonra isə anlayırlar ki, əslində həyatın xoşbəxtliyi və anlamı ailə həyatı deyilmiş. 

Mən də 25 yaşıma qədər düşünürdüm ki, ərə gedim, uşaq doğum, ailəm olsun. Amma indi belə fikirdə deyiləm. Həyat keçdikcə, öz ayaqlarının üzərində durduqca, həyatda dönüş nöqtələri yaşadıqca anladım ki, əslində həyatın xoşbəxtliyi əsla ərə gedib, ərin corabını yuyub, evdə ərə bozbaş bişirib, uşaq dünyaya gətirib və onun “pampers”ini dəyişməkdən ibarət deyil. Həyatda zövq alacağımız məqamlar var. Təbii ki, nə zamansa mən də ailə həyatı quracağam. Amma bu dəqiqə ərə gedim, ərim olsun, əsla o düşüncədə deyiləm. Anam deyir ki, ailə qur. Amma günlərin bir günü onunla üz-üzə oturub, dedim ki, mən subay həyatımla çox xoşbəxtəm. 

Gələcək planlarım var, öz üzərimdə işləmək, bir neçə biznesimin olmasını istəyirəm. İnkişaf etmək istəyirəm. Bilirəm ki, ailə qursam, bunları etmək mümkün olmayacaq. Çünki ailə qayğıları bunların qarışısını alacaq. Ona görə də hələki özümü ailə xanımı və ana kimi görmürəm. Təsəvvür belə etmirəm. Anama deyirəm ki, hələki mənimlə işin olmasın, get qız nəvən Jozefina ilə oyna, Günellə təsəlli al (gülür).

- Günel boşanandan sonra ərinə qızı Jozefina ilə görüşməyə icazə verir?

- Heç bir problem yoxdur. Günel keçmiş əri Firuzla dost kimidir. Hətta biz İtaliyaya tətilə gedəndə, Günel itini Firuza vermişdi ki, saxlasın. Onlar mədəni insanlar kimi ayrılıblar. Bizim cəmiyyətdə elə bir fikir var ki, əgər bir cütlük boşanırsa, düşmən kimi ayrılır. Övladını atasına göstərmir, görüşməyə icazə vermir. Bunlar bizim dar düşüncəli insanların düşüncə tərzinə çevrilib. Amma bütün bunlar uşaqların psixologiyasına mənfi tərsi edir. Hətta olur ki, Firuz özü qızı Jozefinanı məktəbə aparıb, gətirir. Günel ilə Firuzun qaldıqları ev bir-birinə yaxındır. Onlar ikisi də Manhettonda yaşayırlar. Günel artıq ABŞ vətəndaşlığını alıb, amma şəxsi evi yoxdur. Orada ev almaq isə çox bahadır. 

- Mehinin sevgilisi var?

- Xeyr! Həyatımda heç kim yoxdur. Sevdiyim insan da yoxdur. İnsan nə istədiyini anlayandan sonra başa düşür ki, ötəri hisslər yaşamaq istəmirsən. Belə olduqda isə kimlə gəldi münasibət qurmaq istəmirsən. Özünə də qıymırsan ki, kimlə gəldi hisslərini bölüşəsən. Ona görə də, təkəm və təklikdən böyük zövq alıram. Ətrafımda sevdiyim insanlar, ailəm var. Onlara ayırdığım hisslər və emosiyalar mənə bəs edir.

- Bir bəydə ilk diqqətinizi çəkən məqam nədir?

- Danışığı, intellektual səviyyəsi. Boş-boğaz, bədəninə və xarici görünüşünə diqqət yetirən insanlar əsla diqqətimi çəkmir. Mənim üçün əsas ağıldır. Diqqət də çox önəmlidir. Əgər kişi özünə diqqət yetirmirsə, o qarşısında duran xanıma da diqqət ayırmayacaq. Fikrimcə, kişi yaraşıqlı olmamalıdır. Qadın gözəl olmalıdır. Kişi səliqəli, özünə fikir verən, təmizkar, baxımlı və məqsədyönlü olmalıdır. 

- İnsanların sizin haqqınızda dediklərini eşitdiyiniz ən axmaq şayiə nə olub?

- Bir dəfə məclislərin birində kosmetoloqumdan bir qadın soruşub ki, “Mehin sənin müştərindir?. Deyirlər ki, o milyon yarımlıq evdə yaşayır, 300 minlik avtomobil sürür. Bilmirsən ona bunları kim alıb?” Amma bunlar şayiədən başqa bir şey deyil. O qadın hətta evin ünvanını belə demişdi. Şoka düşmüşdüm ki, xırda detallara kimi ssenari qurub olmayan şeyləri yıxırlar üzərimə. Digər insanlar da belə şayiələrə inanırlar. Kosmetoloqum Sona mənə bunları danışanda şoka düşdüm. Bu dərəcədə “gop”a basmaq olmaz da...

- İlk qazancınız nə qədər olub və o pulla nə almısınız?

- Məktəbdə təhsil alanda, Muğam Mərkəzində çalışırdım. İlk maaşım isə 50 manat olmuşdu. Və o 50 manata anama qızıl suyuna salınmış süvenir almışdım. Hər dəfə maaş alanda anama aparıb verirdim. 

- Mehinin ən böyük arzusu nədir?

Arzularım haqda danışmağı sevmirəm. Bu Azərbaycanla deyil ailəmlə bağlı arzudur. İnşallah bu arzum yerinə yetərsə, ilk sizə zəng vurub deyəcəyəm ki, yadınıza gəlir arzum ilə bağlı mənə sual vermişdiniz, bu arzum gerçəkləşdi.

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin