Nani Breqvadze: "Eminlə duet oxumağım xüsusi hadisə oldu" - FOTO/VİDEO

Hazırda oxunan: Nani Breqvadze: "Eminlə duet oxumağım xüsusi hadisə oldu" - FOTO/VİDEO

147972

Xalq artisti, əfsanəvi gürcü müğənnisi Nani Breqvadze Xalq artisti və iş adamı Emin Ağalarovun dəvəti ilə Bakıya gəlib.

Bizim.Media xəbər verir ki, onlar “Sea Breeze” ailəvi-istirahət mərkəzində yerləşən “Sea Breeze Walk of Famе” (Sea Breeze Şöhrət Xiyabanı) qırmızı xalı mərasiminə qatılıblar.  

Ağalarov qırmızı xalıda Breqvadzeni, media nümayəndələrini və qonaqları salamlayıb:

"Dostlar, xoş gördük hamınızı. Bura gəldiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Nani xanım, sizə ayrıca minnətdarlığımı bildirirəm. Biz sizi burada çox gözləyirdik. Ümid edirəm ki, Nani xanım buraya növbəti dəfə gələndə konsert proqramını bizə ərmağan edəcək. Təbii ki, bu da onun əhvalından asılı olacaq".

Breqvadze isə Ağalarovun çıxışını bu sözləri ilə davam edib:

"Deməyə söz tapmıram. Sizə hər şeyə görə təşəkkürümü bildirirəm. Əlbətdə mən çox şadam və imzamın "Ulduzlar xiyabanı"nda olacağına hazır deyildim. Şadam ki, Emin, səninlə birlikdə əfsanəvi ifaçı Bubanın (mərhum Vaxtanq Kikabidze - red.) “Kvavilebis kvekana” (Çiçəklər ölkəsi) mahnısını duet şəklində ifa etdik. Düşünürəm ki, bu mahnı ifamızda pis alınmayıb. Bu əsərdə böyük sevgi var. Məhəbbət isə hər zaman qalib gəlir".

Daha sonra Emin Nani ilə birgə qara mərmər daşı ilə yerə hörülən Breqvadzenin ulduz formasında haşiəyə alınan imzasına göz gəzdiriblər və ətrafında xatirə fotoları çəkdiriblər.   

Açılış mərasimindən sonra Emin Ağalarov və Nani Breqvadze jurnalistlərin suallarını cavablandırıblar.

Mərhum əfsanəvi müğənni Vaxtanq Kikabidzenin repertuarında yer alan “Kvavilebis kvekana” (Çiçəklər ölkəsi) mahnısından söz açan Emin bu əsəri duet şəklində oxumağa razılıq verdiyinə görə, Nani Breqvadzeyə təşəkkürünü bildirib:

"Nani xanımla mən dostumuz mərhum əfsanəvi müğənni Bubanın bəstələdiyi “Kvavilebis kvekana” (Çiçəklər ölkəsi) mahnısını duet oxuduq. Bu gürcü nəğməsini uşaq vaxtlarımdan sevirəm. Nani xanımda bu mahnını çox gözəl bilir. O, mənə onun yaradıcılığına və istedadına toxunmağa və bu mahnını onunla birlikdə oxumağa icazə verdi. Mən bunu çox yüksək qiymətləndirirəm və ona minnətdaram. Bu musiqi mənim ürəyimdəndir, böyük aktyor, mənim dəyərli dostum Vaxtanq Konstantinoviç Kikabidzenin xatirəsinədir. Bizim Kikabidzeni sevməyimiz hamıya aydın məsələdir. Amma Buba ilə Nani xanım arasında bütün həyatları boyu daşıdıqları xüsusi bir sevgi var".

Ağalarov vurğulayıb ki, yaxın zamanda “Sea Breeze Walk of Famе”da (Sea Breeze Şöhrət Xiyabanı) mərhum Vaxtanq Kikabidzenin də imzası yer alacaq:

"Çox şadam ki, Nani xanımın adını daşıyan və pərəstişkarlarını hər zaman sevindirəcək, onun yaradıcılıq yolunu xatırladan "Ulduz xiyabanı"nda imzasını yerləşdirdik. Onu burada solo tədbir və ya konsert proqramı ilə səbirsizliklə gözləyirəm. Biz yaxın zamanda mərhum Vaxtanq Kikabidzenin də "Ulduz xiyabanı"na imzasını həkk edəcəyik. Öz adımdan Naniyə dərin təşəkkürümü bildirmək istəyirəm".  

Müsahinəsində Emini "qızıl oğlan" adlandıran N.Breqvadze Ağalarovdan duet təklifi alanda qorxduğunu dilə gətirib:

"Emin, sənə minnətdaram. Əfsuslar olsun ki, Buba oxumalı idi. Amma belə xoş olmayan hadisələr də olur. Buba artıq bizim aramızda yoxdur. Lakin o mənim üçün hər zaman yaşayacaq. O, mənim yanımdadır. O heç yana getməyib. Vaxt gəldi, onu mən əvəz etdim. Düzdür Bubanı heç kim əvəz edə bilməz. Etiraf edim ki, bu təklifdən qorxdum. Emini mən qızıl oğlan adlandırmışam. Emin mənim üçün hələdə kiçik oğlandır. Axı mən artıq ulu nənəyəm (gülür). Sən isə Emin, hələ çox cavansan. Hamı ilə duet də oxumaq olmur. Düzdür bir neçə gürcü həmkarlarımla duetlər oxumuşam. Amma Eminlə bu duetimiz mənim üçün xüsusi hadisə oldu. Bu, elə belə sözlər deyil".

87 yaşlı gürcü müğənnisi Azərbaycana və azərbaycan xalqına olan böyük sevgisini bu sözləri ifadə edib:

"Siz təsəvvür belə etmirsiniz ki, bu məmləkəti mən necə sevirəm. Kiçik yaşlarımdan Bakıda çox olmuşam. Azərbaycan xalqı çox istiqanlı və musiqisevərdir. Müğənnilərinizin ifası məni ovsunlayır və heyran edir".  

Müsabihəsinin sonunda Nani xanım Emini təriflərə qərq edib:

"Eminin repertuarında olan bütün mahnıları sevirəm. Osəhnədə ilk addımlarını atandan bəri diqqətimi çəkdi. Onu sevməmək mümkün deyil. Emin çox təvazökar, səmimi, yaraşıqlı, ağıllı bir oğlandır. Mən isə bu keyfiyyətləri olan insanları çox sevirəm. Emini Gürcüstanda hamı sevir və ona hörmət edir. Emini məndən soruşanda deyirəm ki, o, qeyri-adi insandır. Ən əsası isə o, çox tərbiyəlidir".  

Qeyd edək ki, mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Vaxtanq Kikabidzenin produsseri və yaxın dostu Soso Abzianidze, "Çiçəklər ölkəsi" klipinin rejissoru Zaza Oraşvili, Nani Breqvadzenin qızı, məhşur gürcü müĝənnisi Yekaterina Mamaladze, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşavirləri Cahangir Səlimxanov və Oleq Əmirbəyov, Azərbaycanın Xalq artisti, bəstəkar Fərhad Bədəlbəyli və musiqi produsseri Konstantin Nonikov kimi fəxri qonaqlar iştirak edib.




















Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin