“Anar Nağılbaz ölümündən əvvəl çox böyük stress keçirirdi. Deyirdi ki, dostlarımla danışmışam gedək Amerikaya, orada yaşayaq və konsertlər verək. Bu haqda heç kimin xəbəri yoxdur, təkcə oğluma demişdim ki, anan gedir Amerikaya.
Biz sənədlərimizi düzəltdik, qaçmaq istəyirdi yazıq. Mən sənədlərimi verəndə səfirliyin “danışıq” mərhələsindən keçdim. Anar isə orada nə dedi nə demədi, əsəbiləşdi və səfirlik ona ABŞ-a getməyə icazə vermədi”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Elit Star” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova Azərbaycanda “repin atası” sayılan mərhum Anar Nağılbaza həsr olunan “O üz” verilişində qonaq olarkən deyib.
Sənətçi bildirib ki, Anarla ABŞ-a köçmək üçün üç dəfə səfirliyə müraciət etsələrdə “danışıqlar” mərhələsindən Nağılbazın keçirdiyi stress səbəbi ilə onlara viza verilməyib:
“8 aydan sonra birdə dedi ki, gedək viza almaq üçün yenə səfirliyə müraciət edək. Orada danışıq zamanı dedim ki, ABŞ-a klip çəkməyə və konsert verməyə gedirik. Anar yenə stressdən suallara yaxşı cavab vermədi. Nəticədə səfirlik bizə viza verməkdən imtina etdi. Anara dedim ki, üçüncü dəfə mən bura gəlməyəcəyəm.
Çünki üçüncü dəfə də “qara siyahı”ya düşsəm, ABŞ-a gedə bilməyəcəyəm. Çünki mən orada yaşayan həmkarım Elariz Məmmədoğlu ilə tez-tez danışıram və yanına getmək istəyirəm. Onunla birlikdə konsertlər vermək istəyirəm. Dedim ki, bu dəfə getsək sən ayrı get, mən də ayrı. Ya sən birinci gedərsən ya mən səndən sonra və ya tərsinə. Üçüncü dəfə də olmadı...
Amerikaya getmək məsələsi alınsaydı bəlkə də Anar yaşayacaqdı. Bunu isə sizə əminliklə deyirəm. Çünki insan ora getmək istəyirdi. Deyirdi ki, dərddən, bəladan, stressdən, hər şeydən uzaqlaşmaq istəyirəm. Ona sual verdim ki, sən yeddi il ABŞ-da yaşadın, niyə geri qayıtdın? Cavab verdi ki, bilmirəm.
Qalsaydın replərini yazıb, deyəcəkdin. Konsertlərini verib, geri Amerikaya qayıdardın. Kaş alınardı viza məsələsi... O da sağ qalardı... Həyatda deyirlər ki, bir şeyi çox istəmə, çünki istəyəndə alınmır. Stress keçirərsən ki, tez alınsın. Amma Allah nə zaman yazıbsa o zamanda olacaq. Gözləmək lazımdır. Gecədən səhərə kimi yuxusuz qalırdıq. Anar da yatağan insan idi.
Səhər tezdən zəng vurub, onu oyadırdım. Anarın anası Şərgiyə xanıma zəng vurub deyirdim ki, oğlunu qoyma yatıb qalsın. Birdən yatıb qalar, vizanı bizə verməzlər. Axı viza almaq üçün səhər saatlarında səfirliyə gedirsən. Biz nələrdən keçmişik.
Qış günü, qarlı, soyuqlu gün... O stressli günləri Anarla mən bir yerdə yaşamışam. Axı mən də viza alıb Amerikaya getmək istəyirdim”.
Qeyd edək ki, Anar Nağılbaz daxili qanaxmadan 2018-ci ilin avqustun 8-i dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media