Zamiq: “İstəmərəm ki, bu sənətdə çəkdiyim əziyyəti oğlum çəksin” - ÖZƏL

Hazırda oxunan: Zamiq: “İstəmərəm ki, bu sənətdə çəkdiyim əziyyəti oğlum çəksin” - ÖZƏL

141578

“Həftə sonu yeni klipimi sevənlərimə təqdim edəcəyəm. Əslində mən bu işlərə sənətimdə yenilik demirəm. Amma gələcəkdə böyük solo konsert verməyi planlaşdırıram. Özü də bu konsert 2-3 gün olacaq. Həmin konsertlərə isə hazırlıq işləri görürəm”.  

Bu sözləri müğənni Zamiq Hüseynov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Sənətçi yay tətilini xaricdə keçirəcəyini bildirsə də, amma hansı ölkəyə yollanacağını deməkdən sirr saxlayıb: 


“Mütləq şəkildə mən də bu yay istirahətə gedəcəyəm. Çünki istirahət etməsək, enerjimiz olmaz. Hara gedəcəyimi hələki qərarlaşdırmamışam. Görək də... Bir dəfə gəldim Röyagildə dedim ki, ailəvi şəkildə İstanbul, oradanda Parisə və İtaliyaya getməli idik. Səhayət üçün isə hər şeyi öncədən almışdım. Getdim İstanbula.

Orada necə xəstələndimsə, hər şeyin üstündən xətt çəkməli oldum. Səhhətim pisləşdiyi üçün məcbur İstanbuldan Bakıya qayıtmalı oldum. Gələn kimi isə güclü müalicələr aldım. Belə demək olarsa, tətilimiz alınmadı. Amma hər şeydə bir xeyr var. Ona görə də, əvvəlcədən artıq istirahətə gedəcəyimlə bağlı heç kimə məlumat vermirəm”. 


İstirahətə oğlu Zeyn ilə gedən Zamiq tətilini övladına uyğun planladığını dilə gətirib: 

“Doğrudur, oğlum Zeyn sözə qulaq asmasa da, amma onsuz istirahətin dadı-duzu, ləzzəti yoxdur. Onunla olanda daha gözəl istirahət edirəm. Amma olanda da əziyyətlidir. Çünki Zeyn hələ balacadır. Onun istədiklərini hamısını etmək lazımdır. Tətilimizi onun daxili istəklərinə görə planlaşdırırıq. Bir sözlə, ona uyğun olaraq oynayırıq, yatıb, qalxıb, dururuq. Günümüzü də ona uyğun qururuq”. 

Z.Hüseynov Zeynin musiqi duyumundan da söz açıb: 

“Yeni mahnım çıxan kimi əzbərləyib, oxuyan Zeyn olub. Demək olar ki, oğlum bütün repertuarımı əzbər bilir, özü üçün oxuyur. Musiqi duyumu və zövqü inanılmaz dərəcədə gözəldir. Hətta hərdən elə notlar oxuyur ki, özüm belə məəttəl qalıram ki, bunu necə edir. Uşaq olsun və bu cür notları hiss etsin, hələ də mənə təəccüblü gəlir. Misal üçün mahnı oxuyuram tonallığı dəyişirəm. Görürəm ki, arxamca o da həmin tonallıqdan oxumağa başlayır. Bir sözlə, oğlum çox istedadlıdır”. 


Zamiq oğlunun gələcəkdə müğənni kimi yox, futbolçu görmək istəyini vurğulayıb:  

“Oğlumun müğənni olmasını heç zaman istəmərəm. Çünki kənardan sənətimiz nə qədər asan görsənsə də, bir o qədər çətindir. Heç zaman istəmərəm ki, bu sənətdə çəkdiyim əziyyətləri oğlum çəksin. İstəyirəm ki, o, təhsilli və savadlı olsun. Yaxşı yerlərdə çalışsın. Çox istərdim ki, oğlum peşəkar futbolçu olsun”.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin