Elnarə Abdullayeva: “Cavan olmamışam, oğlan sevməmişəm” - VİDEO

Hazırda oxunan: Elnarə Abdullayeva: “Cavan olmamışam, oğlan sevməmişəm” - VİDEO

138872

“Özüm özümə o qədər qadağalar qoymuşam ki... Heç bir kişi ağla gəlməyən o qadağanı qoya bilməz. Hərdən deyirəm ki, ölüb gedəndə mən nə cavab verəcəyəm bu qıza (özünü nəzərdə tutur – red.). Bu qızı qoymamışam yaşamağa”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “13 sual” verilişində deyib. 

Sənətçi adından yayılan “Ər arvadını döyməlidir” fikirlərinin ona aid olmadığını bildirib: 

“Elnarə heç zaman deməz ki, qadını əri döysün. Elnarə dəlidir, başı xarabdır, elə söz desin? Bu sözləri mən deməmişəm. Bunu bütün qadınlar, eləcə də kişilər bilsin. Onu xəbər portalları deyib, Elnarə yox”. 

Elnarə bildirib ki, muğam özü mərsiyədir: 

“İndi-indi “jeton” başa düşüb. Şəhidlər, müharibə var. Amma Elnarə 1990-cı ildən bu günə kimi o xidmətdədir (mərsiyə oxumağı nəzərdə tutur – red.). Mən o anaları, övladları, şəhidləri ağlayırdım. Şəhid haqqında oxuyan, gülə-gülə oxuyur? Bu söhbətləri bəzi müğənnilər özləri çıxartmışdırlar. Camaat onu deməz. Elnarənin yolunu vurmaq üçün deyilirdi ki, Elnarə mərsiyə oxuyur, toy aparmır. Əslində əsl mərsiyə muğamdır. Mərsiyə bilməkdən ötrü, 25 il bir insan Kərbala düzlərində gedib o dərsi almalısan. Hacıbala Hüseynova Allah rəhmət eləsin. O deyirdi ki, elə bilirsiniz ki, mərsiyə oxumaq asandır? Buna görə insanlar 25 il dərs alıb. Ay qanmayan, savadsız, gərəksiz insan, axı sən nə biləsən mərsiyə və muğam nədir. Muğam özü mərsiyədir. Muğamı bu “düşük” vəziyyətə qoyan sizsiz. Ona görə də artıq muğama qulaq asan yoxdur. Nə qədər boğazı əsdirib muğam oxumaq olar? Elə muğam oxuyurlar? Özləri muğam oxuya bilmirlər. Müəllimim Ağaxan Abdullayevdir. Allah ona rəhmət eləsin. Böyük və dahi sənətkar idi.

Ağaxan Abdullayev, Arif Babayev, Canəli Əkbərov, Yaqub Məmmədov yetişdirən, keçmiş bir nəsil vardı oradan bir hava gəlirdi, bir-birinə bu sənəti ötürənlər vardı. Həmin o sənəti ötürənlərdən gecə-gündüz dərs aldım. Belə çıxır ki, bunlar muğam oxumayıb? Sizə gətirib o muğamı kim çatdırdı? Onlar. İndi siz onları bəyənmirsiniz? Firudin Şuşinski haqqımda dedi ki, bu insan keçmiş muğam oxuyanlar kimi ifa edir. Mənə sataşan insanlar evlərində, ailələrində, övladlarında, nəslində, sənətində xeyr tapmır. Bunu etmək olmaz. Biz bu gün varıq, bir saniyədən sonra yoxuq. Mən muğamı sevirəm. Hamını çox istəyirəm. Arxamca danışanları da sevirəm”. 

Xanəndə həmçinin əlavə edib ki, hisslərlə qurulan ailərin 90 faizi dağılır: 

“Ərə gedəndə böyük qız, məsləhətə gedəndə isə kiçik qız olursunuz. Şiddət başqa, tərbiyə başqa şeydir. Hamı Elnarə Abdullayeva deyil.  Mən səhv edən insan deyiləm. Anadan gəlmə beləyəm. Cavan olmamışam, oğlan sevməmişəm, heç kimlə danışmamışam. Xasiyyətim budur. Məntiq, ağıl, inam, vicdanla ailə qurarlar. Hisslərlə ailə qurmazlar. Hisslərlə ailə quranların 90 faizi boşanır. Heç kim övladlara kənardan ailə qurmaqla bağlı məsləhətlər verməsin (telekanallarda yayımlanan ictimai-sosial verilişlərin aparıcılarını nəzərdə tutur – red.). Xeyr, sənin onlarla işin olmasın. Mən özüm bilirəm ailədə necə tərbiyə vermək lazımdır. Nöqtə!”. 

Televiziyaya baxmadığını söyləyən Elnarə Abdullayeva plastik əməliyyat keçirən həmkarlarını ağ yuyub, qara sərib: 

“Şəxsən mən televiziyaya baxa bilmirəm. Gücüm yoxdur və çatmır televiziyaya baxmağa. Bir növ bədənşəkilləndirmə, üz dəyişmə, piy çıxartma azarlığına tutulublar. Yeyirlər, kökəlirlər, sonra da gedib qarınlarının piylərini çıxarırlar. Piyləri bir yerdən çıxarıb, başqa yerə qoyurlar. Bir-birinə əməliyyatlarını nümayiş etdirirlər. Belə edərək yetimin balasını başdan çıxarır. Heç kimə də onlar lazım deyillər. 70 ildir sən belə oxumusan, indi güya əməliyyat edib qarnını kiçildəndən sonra nə olacaq? Qatarın gedib sənin. Yaş da gedib, baş da gedib. Səsi olmayanları səsi olanların başına çıxartmayın. Oxuyanlar yazıqdır”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin