Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, iş adamı Eşqin Cəlilov ilk dəfə boşanmasından danışıb.
Bizim.Media xəbər verir ki, Eşqin “Maqazin plyus” verilişinə müsahibəsində Aysundan ayrılmasının səbəblərini “gün üzünə” çıxarıb.
“Biz sevərək ailə qurmuşduq. Aysun özü də bilir ki, ona necə dəyər vermişdim və necə onu istəmişdim. Amma Aysun bunu dəyərləndirə bilmədi. Ailənin nə mükafat olduğunu başa düşə bilmədi. Şəxsən bizim ikimizin heç bir problemimiz yox idi. Biz dil tapırdıq, hər şey yaxşı idi. Sadəcə aramızda nələrsə baş verirdi”, - deyə Eşqin bildirib.
Müğənninin keçmiş əri ailəsinin dağılmasında günahı qarşı tərəfdə gördüyünü açıqlayıb:
“Ayrılmağımızın səbəbi Aysundur. Aylar öncə bir-iki ay bir-birimizdən ayrı qaldıq. Hər şey etdim ki, yenidən bir araya gələk. Zəif kişi deyiləm ki, bir balaca nəsə problem olan kimi, ailəm dağılsın. Qorudum və yenə ailəmi yığdım bir yerə. Keçən səfər biz ayrılanda mən bilirdim nəyə görə ailəmi yenidən bir araya gətirməliyəm, indi isə bilmirəm”.
Eşqin Aysuna xəyanət etməsi ilə bağlı yayılan iddiaları yalanlayıb:
“Bütün respublika bizi görürdü. Sosial şəbəkələrdə hamı görüb bilirdi ki, biz 24 saat bir yerdəyik. Elə bir ailə qurduq ki, işimizi də, evimizi də bir etdik. Bir sözlə, hər şeyimiz bir idi. Mənim xəyanət etməyə heç vaxtım olmazdı. Xəyanət etməyə heç istəyim belə yox idi. Neynirəm o xəyanəti? Ehtiyac da yox idi xəyanətə. Artıq sevgi yoxdur, aramızdakı etibar da bitib. Hər dəfə Aysun heç nə olmadan çıxıb gedirdi. Bu isə xətrimə çox pis dəyirdi”.
Keçmiş həyat yoldaşını oyuncaq gəlinciyinə bənzədən Eşqin Aysunun kənar təsirlərə tez düşdüyünü dilə gətirib:
“Aysun uşaqdır. O gəlinciyə bənzəyir. Hansı ki, başını döndərirsən, yeriyir. Ona bir balaca təzyiq göstərən kimi, heç özü də bilmir hansı istiqamətə getsin və nə etsin. Mənə nə klip, nə də ki tanınmaq lazım idi. Bloqer, aktyor, müğənni deyiləm. Mənə reklam lazım deyildi. Deyirlər ki, Aysuna görə tanındın. Bəli, mən bunu danmıram. Evin içində olanları bir mən, bir də Aysun bilir. Yaxşısını da, pisini də mən bilirəm. Aysun pis deyil. Mən Aysuna sahibləndim. O mənim seçimim, həyat yoldaşım olub. Onun haqqında isə pis bir şey danışa bilmərəm. Heç bunu özümə yaraşdıra bilmirəm. Ailədə söz davası da ola bilər. Amma hər dəqiqə əşyalarını götürüb getmək olmaz. Mən hər zaman Aysundan bunu gözləyə bilərəm”.
“Qayınanan müğənni Rəqsanə İsmayılova boşanmağınıza hansı reaksiyanı verdi?” sualına E.Cəlilov belə cavab verib:
“Rəqsanə xanım dedi ki, mən sizin bu işlərinizə qarışmıram. Necə evlənmisiniz, özünüz bilərsiniz. O da bir anadır. Rəqsanə xanımla heç bir düşmənçilim yoxdur. Aysundan öncə tanış olmuşuq. Rəqsanə xanımı bizim ayrılmağımızda səbəb kimi görmək istəmirəm”.
Eşqin sözlərinə görə, Aysun ailələrini oyuncağa çevirdiyi üçün bu hadisələr yaşandı:
“Aysuna bundan sonra həyatında yalnız xoşbəxtlik və uğur arzu edirəm. Amma bundan sonra onun həyatında başına nə gələcəksə dəliliyindən və şıltaqlığından, yaşca böyük insanlara dinləmədiyindən gələcək. Bu, bizim ailəmizinin filminin sonudur. Aysun film çəkdi, mən isə ailə qurmuşdum. Aysun ailəmizi oyuncaq elədi. Hər beş aydan bir boşanıram, qayıdıram deyirdi. Nə deməkdir bu? Bunun adını nə qoyum? Hər bir kişinin işi deyildi, bu zamanda müğənni ilə ailə qurmaq. Bizim ailəmizə heç kim toxuna, nələrsə deyə bilər. Hər bir insanın da işi deyil ki, müğənni ilə ailə qurduqdan sonra onun sənətdə qalmasını dəstəkləsin”.
Eşqin həmçinin əlavə edib ki, bu hadisələrdən sonra o, Azərbaycanı tərk edəcək:
“Vətəni tərk edəcəyəm. Mən bura ailə qurduğuma görə gəlmişdim. O da alınmadı”.
Rəşad Əliyev, Bizim.Media