“Fikrimcə, meyxana çox geriyə gedib. Baxır hansı baxış bucağından bu məsələyə baxırsan. Sırf meyxanadan söhbət gedirsə, yaxşıdır: trenddədir, çox istedadlı meyxanaçılar çıxıb, camaat həddindən artıq sevir. Əsasən də kişilər. Amma mən onun gerilədiyini düşünürəm. Hətta mənim çəkdiyim əziyyət də hədər olub. Çünki mənim dövrümdə deyirdim ki, məndən zəhləsi gedənə də meyxananı sevdirim”.
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu “Səhərin səsi” verilişində deyib.
Meyxananın hazırkı vəziyyətindən şikayətlənən söz ustadı xanımların bu janra qulaq asmaq istəmədiyini bildirib.
“O zamanlar konsertlərimə gələnlərin 80-90 faizi xanımlar idi. Bir neçə dəfə mübahisəli məqamlara baxmışam. Meyxananı tənqid edən adamlarla ifaçılar üzbəüz otururlar. Fakt kimi onların qabağına qoyublar ki, meyxana məclislərinə niyə qadınları buraxmırlar? Bunu meyxanaçılar da o qədər unudub ki, qəbul ediblər. Onların heç yadına düşmür, elə bir dövr olub ki, meyxana konsertlərində qadınlar daha çox olublar. Bunu “YouTube”da axtarıb tapa bilərsiniz. Mənim konsertimə xanımlar gəlirdi. Ona təəssüflənirəm ki, o publika getdi”.
Qaraçuxurlu bildirib ki, xanımların bu janrdan uzaqlaşmasına səbəb gənc meyxanaçıların ifa zamanı nalayiq ifadələri dilə gətirmələridir:
“Çünki meyxanada müəyyən həddlər aşıldı. Cavan uşaqlar kriminal elementlər, pis vərdişlərdən meyxana dedilər, bir az söyüş oldu. Belə-belə aləm dəyişdi. Bir neçə cavan gəldi ki, onlar həm yaxşı meyxana deyirdilər, həm də yaxşı populyarlıq qazanmışdılar. Amma onların düşüncəsində problem oldu. Dedilər ki, populyar olmuşam, indi nəsə etməliyəm. Həmişə gördüyü yox, yeni bir şey. Onlar düşündülər ki, populyar olmuşam, toylar çoxalıb, qiymətimi qaldırım, pulumu qazanım.
Mən meyxana deyirdim, toylara gedirdim, eyni zamanda albom işləyirdim. Məclisdən sonra hamı çayxanaya gedirdi, mən evə gedib yazırdım, pozurdum. Bilirdim ki, nəsə etməliyəm, mənim indi etdiyimi məndən əvvəl hamı edib. Albom, sonra klip, rəvayətim çıxdı, toylarım, qazancım çoxaldı, “Şəfa” stadionunda, Moskvanın “Kreml” salonunda konsert etdim. Düşünsəydim ki, nəyimə lazım, pulumu qazanım. Onda heç nə olmayacaqdı. Bizim bəzi gənclərimizdə bu baş verdi”.
Rəşad Əliyev, Bizim.Media