“PRoMete“ ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Pərviz İsaqovun Elektra Events Hall-da konserti baş tutub.
Musiqiçi konsertdən əvvəl Bizim.Media-ya özəl müsahibə verib.
PRoMete bildirib ki, bugünkü rep gecəsində tamaşaçıları bir çox sürprizlər gözləyir: "Bu konsertə xüsusi ilə hazırlaşmışıq. Sürprizlər də olacaq.
Əsas yenilik isə Xalq artisti Faiq Ağayevlə duetimiz olacaq. Həmin duetimiz isə ilk dəfə olaraq məhz bu konsertdə səslənəcək. Mahnı "tematik" olduğu üçün bir neçə aydan sonra çıxacaq. Məhz buna görə bu gün konsertə gələnlər daha şanslıdırlar".
PRoMete həmçinin bildirib ki, konsertdə yalnız canlı ifalar yer alacaq:
"Gecədə bütün mahnıları və repləri canlı oxuyacağam və deyəcəyəm. Heç bir fonoqram ifa etməyəcəyəm. Bu, mənim özüm üçün də bir yenilikdir. Repin başdan-ayağa canlı olmağı isə görünməmiş bir şeydir".
Repçi onu özəl günündə tək qoymayan sənət yoldaşlarından da söz açıb: "Bu gün mənimlə bir yerdə Xalq artisti Faiq Ağayev, müğənnilər Amina, Tomris, "Bilal Demo" və digər gənc ifaçılar olacaq. Onlar da ifaları ilə konserti daha da "qızışdıracaqlar".
Konsert repertuarından da danışan repçi bildirib ki, musiqilərin əksəriyyəti "jazz-rock", "rock", "pop" və qarışıq üslublarda olacaq.
Musiqiçi müsahibənin sonunda isə bu gecə bitdikdən sonra növbəti konsertin lahiyyələnməsinə başlayacağını dilə gətirib.
Anşlaqla keçən konsetdən görüntüləri təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media