“Türkiyə xalqına təskinlik üçün heç bir sözüm yoxdur. Axı, hansı söz ananın, atanın uçqunlar altında qalan balası üçün təsəlli ola bilər? Hansı söz valideynlərini itirən, üzərinə daşlar yağan, baxışları haray qoparan uşaqları isidər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkə hesabında yazıb.
Sənətkar Xalq artisti Eldar Mansurovun 1999-cu ildə Türkiyədə baş vermiş zəlzələdə həlak olanlara ithaf etdiyi “Keçmiş olsun” bəstəsindən bəhs edib:
“Bu mahnı bəstəkarın, yazarın, mənimlə birgə oxuyan sənət yoldaşlarımın, ürəyi qardaşlarıyla döyünən xalqımın, türklüyün hayqırtısı idi. Çox heyif ki, mənə görə illərlə qadağada qaldı, onların səsi də eşidilmədi”.
Qeyd edək ki, sözügedən nəğməni Xalq artistləri Flora Kərimova, Aygün Kazımova, İlqar Muradov, Səməd Səmədov, Elxan Əhədzadə, Əməkdar artistlər Ruhəngiz Allahverdiyeva, Almaz Ələsgərova, müğənni Mətanət Əbdülova ifa edib.
Rəşad Əliyev, Bizim.Media