Elnur Hüseynov niyə Rusiyada yaşamaq istəmir? - Səbəbini açıqladı - ÖZƏL

Hazırda oxunan: Elnur Hüseynov niyə Rusiyada yaşamaq istəmir? - Səbəbini açıqladı - ÖZƏL

118070

“Yeni layihələrim var. “Monster pop” adlı türk dilində yeni mahnıma çəkilmiş klip üzərində işlər gedir. Bu mahnı sırf türk bazarı üçün nəzərdu tutulub. Ekran işini “Beat group” lentə alıb. Onlarla müqavilə bağlamışam. Bir sıra layihələrimiz olacaq. Ard-arda dinləyicilərimə yeni mahnılarımı təqdim edəcəyəm”.

Bu sözləri Azərbaycanı 2007-ci və 2015-ci illərdə “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edən, müğənni Elnur Hüseynov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Dörd ildir ki, Türkiyənin İzmir şəhərində yaşayan sənətçi Rusiyanı sevmədiyini dilə gətirib:

“Hazırda bir ayağım Bakıda, bir ayağım isə dörd ildir ki, yaşadığım İzmirdədir. “O səs Türkiyə” mahnı yarışmasına qatılmaqdan əvvəl dostlarım adımı, səs yazılarımı və mahnılarımı Rusiyanın “Qolos” (Səs) müsabiqəsinə göndərmişdirlər.
Oradan “Ok” cavabını almışdım. Amma Rusiyaya heç zaman getmərəm. 2015-ci ildə üç gün “Avroviziya” yarışması ərəfəsində “promo” turlar üçün Moskvaya getdim. Xatırladıram ki, rus dilində təhsil almışam, indi o ölkədəki mühüt tamamilə başqadır. Digər xalqların arxasınca xoşaqəlməz sözlər danışan bir ölkədə yaşamaq istəməzdim”.


İllər əvvəl Acun İlıcalının layihəsi “O səs Türkiyə” mahnı yarışmasında iştirak edib, qalib olan Elnur artıq iş adamı ilə heç bir bağlılığının olmadığını söyləyib:

“Acunla bağlı ancaq bunu deyə bilərəm ki, əgər biz hardasa bir-birimizi görsək salamlaşıb, keçib gedərik. Amma bir yerdə hansısa layihə etməyə gələndə... Onun minlərlə layihələri var, məncə heç Elnur və Elnurun mahnılarının oxunması ağlının ucuna belə gəlmir”.

Hüseynov həmçinin bildirib ki, layihələrinin reallaşması üçün heç kimə ağız açmayıb:

“Bir xasiyyətim var, kənardan gələn dəstəyə və ya köməyə hər zaman yox deyirəm. Çünki gördüyüm və ya görəcəyəm hansısa bir işi özüm həyata keçirmək istəyirəm. İndiyə kimi də heç bir insan başıma vurub, deyə bilməz ki, səni mən Elnur Hüseynov elədim və ya bu layihəni sənin üçün mən etdim.

Hər şeyi öz dişim, dırnağım, əziyyətim və zəhmətimlə əldə etmişəm. Təbii ki, bu həyatda hamının bir-birinin köməyinə ehtiyacı var. Mənə də hansısa yardım olub, mən də kiməsə kömək etmişəm. Bu olmalıdır. Axı biz insanıq bir-birimizə yardım etməliyik. Amma kimdənsə layihəm üçün kömək istəməmişəm”.

“İşdi-şayət sizə yenidən Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil etmək təklifi gəlsə, razılaşarsınız?” sualına ifaçının cavabı belə olub:

“O zaman ölkəmizi “Avroviziya” təmsil edərəm ki, azərbaycanlı bəstəkar mahnını yazar. Çox eşitmişəm ki, bizdə elə bəstəkarlar yoxdur, yazdıqları və göndərdikləri mahnıları dinlədik, amma o deyil, Avropa bəstəkarlarının yazdığı mahnılar daha yaxşıdır. Bunlar isə boş söhbətlərdir.

Məncə bizim çox gözəl, istedadlı bəstəkarlarımız var. Anlamıram ki, nümayəndə heyətimiz niyə mahnıları Avropa bəstəkarlarından böyük pullarla alırlar.
O pulu elə bizim bəstəkarlarımıza versələr məncə daha yaxşı olar və bilərik ki, bu mahnı bizim bəstəkarımızın yazdığı nəğmədir və beynin məhsuludur. Bizi Avroviziyaya yollasalar da, biz orada özümüz olmuruq. Bizi layihə olaraq başqa insan kimi qələmə verib, səhnəyə çıxarırlar. Bu isə heçdə düzgün deyil”.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin