Vəkil Şəfiqə Nağıyeva ilə kulturoloq Adil Xan arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, ekspert qismində iştirak etdikləri "Ümid ilə gəl" ictimai-sosial verilişində kulturoloqun fikirləri vəkili özündən çıxarıb.
Belə ki Adil Xan efir vasitəsi ilə üzünü gənclərə tutaraq yaşlı insanlara və hamilə qadınlara avtobusda əyləşməyə yer verməmələrini istəyib:
"Əslində yaşlı insanlara yer vermək olmaz. Günahdır! İstəyirəm ki, Şəfiqə xanım hər zaman cavan qalsın, hərəkətdə qalsın. O, liftlə aşağa düşür, avtomobilinə əyləşir, oğlu gətirir studiyaya, üç saat oturur verilişdə. Hərəkətsizlik məhv edib anamı, Şəfiqə xanımı, Aydın Xanı və burda əyləşən digər yaşlı insaları. Hamilə qadınlara da avtobusda yer verməyin. Qoy hərəkət etsinlər".
Kulturoloqun bu sözlərindən sonra vəkil ayağa qalxaraq studiyanın mərkəzinə gəlib. Nağıyeva Xanın bu açıqlamasına etiraz səsini ucaldıb:
"Sənin anan avtobusa minib, amma ayaq üstə dayana bilmir. Anan yaxşı insandır, niyə ona yer verilməməlidir ki, o, əyləşsin. Düz danışmırsan. Adil Xan bu fikirləri ilə bizim adət-ənənələrimizə və milli dəyərlərimizə hər zaman səhv yanaşır. Olmaz belə danışmaq. Bizim valideynlərimiz, ağbirçək və ağsaqqallarımız başımızın tacıdır. Onlara hər zaman hörmət etməliyik. Əllərindən öpməliyik. Ona görə ki, ağbirçək və ağsaqqal olmayan evdə hörmət olmaz".
Lakin Adil Xan Şəfiqə Nağıyevanın bu çıxışına bəraət qazandırmayıb, öz fikrində qaldığını söyləyib:
"Şəfiqə xanım, sizin yaşınızda olan insanlar bütün dünyada avtobusa minmirlər, velosiped sürüb, piyada gəzirlər. Nə zaman olub ki, siz Şəfiqə xanım avtomobildən imtina edəsəniz? Az qalıb ki, çörək almağa da avtomobil ilə gedəsiniz".
Rəşad Əliyev, Bizim.Media