“Elgizlə izlə” ictimai-sosial verilişinin çəkiliş heyəti sözügedən proqramda ekspert qismində çıxış edən Əməkdar artist Kübra Əliyevanın 74 yaşı tamam olması münasibəti ilə aktrisanın şəhərin mərkəzindəki evinə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətkarı gül çələngi ilə təbrik edən müxbir aktrisanın bacısı, övladı və nəvəsi ilə həmsöhbət olub.
K.Əliyeva bildirib ki, 46 ildir bu evdə yaşayır:
“Bu, oğlum Ayazın kiçik oğludur. Böyük nəvəm isə hazırda dərsdədir. Əvvəllər bu otaq mənə aid idi. İndi isə onu Ayaza vermişəm. Allaha min şükür. Mən evimi sevirəm. Evim də məni sevir. 46 ildir ki, məni bu ev yaşadır. Bu mənzilə 1976-ci il sentyabrın 20-də köçmüşəm. Ev çox bərbad vəziyyətdə idi.
Bu mənzilə çox əmək sərf etmişəm. Hətta mətbəximin kafellərini divara özüm vurmuşam. Bu qabyuyandan isə o zaman bacılarım da, rəfiqələrim də aldı. Onlar bunu satsalar da, mən satmadım. Söhbət böyük evin olmağından getmir. Əsas insanın ürəyinin böyük olmasıdır. Bu evimə kim gəlirsə, sakitlik tapır. Hətta mətbəximdə gördüyünüz bu stullar Polşa istehsalıdır, dəyişdirməmişəm. Oğlum Ayazla üz-üzə bu masa ətrafında əyləşib səhər yeməyimizi yeyirik”.
Sənətkarın oğlu Ayaz isə anası ilə bağlı bu sözləri dilə gətirib:
“Bir aktrisanın övladı olmaq çox qürurvericidir. Bunu isə çox zaman demirəm”.
Əməkdar artist isə “Bu günə kimi Ayaz oğlum kimi heç bir efirdə çıxış etməyib” söyləyib.
Kamera qarşısına keçən Kübra Əliyevanın bacısı “Kübra mənim üçün anadır, bacıdır, qardaşdır. O mənim hər şeyimdir” fikirlərini səsləndirib.
Rəşad Əliyev, Bizim.Media