“Sənin o göz yaşına qurban olum. Bu videonu 2 il əvvəl noyabrın 26-sı, yəni FHN-in əməkdaşları qapını qırıb Safurə xanımı (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Safurə İbrahimova – red.) yerdə 2-3 gün ombasını qırıq vəziyyətdə tapdıqdan 2 gün sonra çəkmişdik. Onunla mən 1983-cü ildə tanış olmuşdum. Ana-bala kimi idik. Teatrda da bərabər işlədik. Mənə “qızım, balam “Melişkam”” deyərdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Abbasova mərhum aktrisa Safurə İbrahimovanın doğum günü ilə bağlı xatirələrini izləyiciləri ilə bölüşüb.
Aktrisa bildirib ki, S.İbrahimovanın qardaşı qızı Könül İbrahimova ona baxacağını söz versə də, əməl etməyib. İddia edib ki, baxımsızlıqdan dünyasını dəyişən sənətkarın mal-mülkünü qardaşı qızı əlinə keçirib:
“Yıxılmamışdan 20 gün əvvəl uzun bir söhbətimiz olmuşdu. Çox yaxşı və sağlam idi. Evində heç kim qalmırdı. Özü-özünə baxırdı. Ehtiyacının olmadığı deyərdi. Yenə də ona deyirdim ki, evə bir baxıcı götür. Sənə kömək etsin. Qəti şəkildə rədd edirdi. Son uzun danışığımızda “Biletini alacağam, İstanbulda səni ən yaxşı həkimlərə aparacağam” dedim. Söylədi ki, havalar düzəlsin gələcəm. Onu xəstəxanaya yatırtmaq, qırıq ombasının təcili gipsə salmaq lazım idi.
Xüsusi qayğı lazım idi. Xəstəxanaya aparılmadı. Qırıq ayağı gipsə salınmadı. Xüsusi qayğı göstərilmədi. Mənə dediklərinə görə, onu yumağa aparanda bütün bədəni baxımsızlıqdan irin, qan içində imiş, bir dəri, bir sümük qalıbmış.
Yıxılandan sonra heç bir ay yaşamadı. O, ən yaxşı xəstəxanalarda müalicə almalı idi. Heç olmasa qırıq ayağını gipsə salmaq üçün maddi imkanı da var idi. Hətta xəstəxanaya təcili yatması üçün pul da çəkilib verilmişdi qardaşı qızına. Amma aparmadı, pulu yedi! O, bağlı qapıların arxasında səssizcə ölümə tərk edildi. Bağışla məni. Vicdan əzabı çəkirəm.
Balan sənə sahib çıxa bilmədi. Sənin yıxıldığını biləndə həmin an yanına gəlməli idim. Amma qardaşı qızı “Narahat olmayın, mən burdayam hara lazımdı aparacağam” dedi. Bu sözləri ilə məni dayandırdı. Kaşki, dayanmazdım. Elə deyirdin ki, “Gəl, tez gəl!” görüşməyimizə bir həftə qalmışdı, yetişə bilmədim. Yetişsəydim, yaşayacaqdın. Çünki o, öz qanından da olsa əmin əldə deyildin. Onu yalnız bankda illərlə yığılan pulun, evin maraqlandırırdı.
Heç bir sənət insanımız Safurə xanım kimi urvatsız bu həyatdan köçmədi. Sahibsiz idi… Sahib çıxılmadı…. Deyiləcək çox söz var… Allahın ədalətinə çox inanıram. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun. Mələyim!”.
Qeyd edək ki, Səfura İbrahimova iki il əvvəl 82 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:18 / 28.12.2022
Məlahətdən İDDİA: “Safura İbrahimovanın qardaşı qızı onun pulunu, evini ələ keçirib”
Hazırda oxunan: Məlahətdən İDDİA: “Safura İbrahimovanın qardaşı qızı onun pulunu, evini ələ keçirib”
Hazırda oxunan: Məlahətdən İDDİA: “Safura İbrahimovanın qardaşı qızı onun pulunu, evini ələ keçirib”
112058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.