Uzun müddətdir səhhətində problem olan “Dədə” ləqəbi ilə incəsənət aləmində məşhurlaşan Əməkdar artist Süleyman Abdullayev xəstəxanaya yerləşdiriləcək.
Bizim.Media xəbər verir ki, bu haqda aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov məlumat verib.
Bir neçə gün əvvəl Xalq artisti Ağadadaş Ağayevlə birgə sənətkarı evində ziyarət edən Hacı Nuran görüşdən çəkilən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
“83 yaşlı sənətkarın vəziyyəti heç də ürəkaçan olmasa da, həyata optimist baxır. Tezliklə xəstəxanaya yerləşdiriləcəyini dedik. Əslində bunu qızı çoxdan etmək istəyirmiş, amma özü razı olmurmuş. Bizdən isə keçə bilmədi. Ağadadaş Ağayevə də, mənə də söz verdi ki, həkim müayinəsinə gedəcək. Düzdür, vəziyyəti kritikdir, ayağı qanqrena edib. Ayağını qurtarmaq mümkün olacaqmı, bilmirik”, - deyə Hacı Nuran bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl S.Abdullayevin qızı Aygün atasının səhhətinin ağır olduğunu, şəkər xəstəliyindən və "qanqren"dən əziyyət çəkdiyini, eyni zamanda ürəyinin 30%-nin fəaliyyət göstərdiyini, ciyərlərinə isə su yığıldığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media