Tünzalə Ağayeva: “İstəyərəm ki, Mayamidə, Maldiv adalarında və Dubayda malikanələrimi sayım” - MÜSAHİBƏ

Hazırda oxunan: Tünzalə Ağayeva: “İstəyərəm ki, Mayamidə, Maldiv adalarında və Dubayda malikanələrimi sayım” - MÜSAHİBƏ

100131

Xalq artisti Tünzalə Ağayeva Bizim.Media-ya müsahibə verib. 

Həmin müsahibəni sizə təqdim edirik:

- Tünzalə xanım, sizinlə müsahibəmiz doğum gününüz ərəfəsinə təsadüf edir. Öncəliklə sizi doğum günü münasibəti ilə Bizim.Media redaksiyası adından təbrik edirik. Oktyabrın 21-i 46 yaşınıza qədəm qoyacaqsınız. Digər sənət yoldaşlarınız kimi bu günü təmtəraqlı şəkildə qeyd edəcəksiniz? 

- Öncədən ad günü təbrikinizə görə, sizə təşəkkürümü bildirirəm. Doğum günü məclisi qurub-qurmayacağıma qərar verməmişik. İş qrafikimin dolu olması səbəbi ilə bu haqda götür-qoy edirik. Bir az da canımızda yorğunçuluq var. Ad günümdə qızım Fidan bəlli səbəblərə görə iştirak edə bilməyəcək. Onun yanına Türkiyəyə gedəcəyəm. Ad günümü onunla ayrıca ana-bala qeyd edəcəyik. Fidanla ikili doğum günü keçirəcəyəm. Qızımın da ad günü  noyabrdadır. Əgər alınmasa, onun öz doğum günündə yanına gedəcəyəm. Elə iki ad gününü birlikdə qeyd edərik. 

- Dörd il əvvəl həmkarınız Nura Surinin "Tünzalə özünü hamıdan üstün görür, deputat olmaq istəyir" açıqlaması gündəmə səs salmışdı. İllər keçməsinə baxmayaraq bu mövzu hələ də öz aktuallığını itirməyib. İndi Tünzalə Ağayeva yenə də bu iddiadadır?

- Qətiyyən deputat olmaq fikrində və iddiasında deyiləm. Olsaydım, çoxdan deputat olardım da (gülür). Bu haqda həddən artıq danışıldı. Hər seçki öncəsi mənimlə bağlı bu mövzu gündəmə gəlir. Savadlı olmaq mütləq ki, millət vəkili olmalısan, demək deyil. Savadsız olsaq, biz hara kimi gedə bilərik? Vətəni hər zaman sevmək lazımdır. Gedib hər hansısa bir postda oturanda Vətəni sevmək böyük yalançılıqdır. Hər zaman ictimai aktivliyim olub. Bəlkə də mən o impulsu göndərmişəm özümdən xəbərsiz. Çünki arqumentsiz danışmıram, analitik beynə sahibəm. Bəlkə də buna görə insanlar deyirlər ki, Tünzalə çox danışır. Yadıma gəlmir ki, hansısa bir mövzu haqda boş danışım. Deputat olmaq istəyimlə bağlı xəbərləri eşidəndə səmimi etiraf edim ki, qıcıqlanıb, əsəbiləşirdim.

Hamı məni yaxından tanımır axı. Elə bilirlər ki, doğurdan da deputat olmaq istəyirəm. Siyasi arenada olan insanlar mənə söyləyirdilər ki, "heç zaman heç zaman demə". Onların bu sözləri ilə də razılaşmışam. Bəlkə sabah hansısa missiya üçün mən Tünzalə Ağayeva zərrə qədər qatqım olarsa, nə xoş mənə, gedib o işi görmək qabiliyyətindəyəm. Millət vəkili özü ağır bir missiyadır. Sənə səs verənlərin etimadını doğrultmalısan, bütün problemlərini dinləyib, həll etməlisən. O zaman yaradıcılıq hara gedəcək? O zaman Tünzalə olmayacaq. Elə bir insanam ki, işə canımı qoyacağam. Bir qulpun işindən yapışmağı sevsəm də, mənə deyirlər ki, min dənə iş görürsən. Amma o işlər bilavasitə sahəmə aiddir.


- Hazırda şou-biznesdə sizi nə bezdirib, yorur və eyni zamanda qıcıqlandırır?

- Musiqi sahəsində olan boşluqlar məni çox yorur. Şou-biznesdə qeyri-professionallığın çox olması isə məni qıcıqlandırır. Hazırda bizdə musiqi sahəsi yuxarıdan aşağı gedir. 70-ci illərin Azərbaycan estrada və simfonik-caz orkestrlərini dinləsək, bir daha əmin olacağıq ki, biz orada muasir idik. İstəyim və diləyim onları sadəcə bərpa etməkdir. Təzəsini yaratmaq lazım deyil. Mən o boşluqları görürəm. Kaş görməz olardım.

- Şou əhli arasında olan müğənnilər Xatirə İslam, Natavan Həbibi və repçi Elşad Xosenin telekanal rəhbərlərindən verilişlərə qatılmaq üçün və eyni zamanda müsahibə vermək üçün bəlli miqdarda pul tələb etmələri eninə-uzununa müzakirə olundu. Yaxın gələcəkdə bu addımı sizdən də gözləyək? 

- Onlar düz edirlər. Bu addımlarını müsbət qarşılayıram. Bu, illərlə içlərində yığılıb qalan üsyandır. Biz incəsənət nümayəndələri o qədər qayğıların, problemlərin içində kilidlənib qalırıq ki… Biz parlayıb, səhnəyə çıxırıq, amma çalışırıq ki, içimizdəki o problemləri büruzə verməyək. Özüm üçün bu yolu seçmişəm. 

Ekran qarşısında evim, bəzən  girov qoymaq məcburiyyətində qaldığım avtomobilim haqda danışmağı sevmirəm. Valideyinlərim belə şeyləri mənə öyrətməyib. Problemini evdə çöz, amma çöldə, cəmiyyətdə sən pozitiv, nümunə olmalısan. Evdə problemlər, qayğılar üstünə gəlirsə, müğənni nə etməlidir, dərdini kimə deməlidir? Bir incəsənət nümayəndəsinin televiziyaya çıxması çox baha başa gəlib. Bu adam təpədən-dırnağa geyinib keçinib, hazırlaşmalıdır, avtomobilinə benzin doldurmalıdır ki, çəkilişə gəlsin. Deyirlər ki, getdi toya "qaz vurub, qazan doldurur". Başa düşün ki, toydan gələn qazanc təkcə vizaja getmir.

Belə çıxır ki, həmin toya gedən sənətçinin mədəsi, böyrəyi olmamalıdır (gülür). Yayım şirkətləri, müəllif huquqları və bu mexanizm doğru-düzgün işləməyə başlayanda mən artıq o prosesin içində avtomatik olmuş oluram. Və mənim kimi yüzlərlə sənətçilər olur. Struktur və ya qurum özü bizi qorumağa və bizdən satıb qazanmağa başlayır. Bir sözlə, qurum bizi qazandırmalıdır. Tək başına müğənni bir sifarişə qərar verə bilər. Heç bir müğənni çıxıb deyə bilməz ki, toya 100 min manata gedirəm.

Belə bir şey yoxdur. Fantastik qiymətlər, qonorarlar yoxdur. Bəlli toy bazarı, qiymətlər var. Fərqlər 1-2 min arasındadır. Hər bir müğənninin öz toy bazarı var. Var bahalı, ucuz bazar. Mən bahalı bazardan danışıram. Bir alınan qonorar 30 yerə bölünür. Bir müğənni əgər 6 saat bir məclisi aparırsa, o 40 nəfərin çörəyi deməkdir. Mən nadir hallarda bütov toyu aparıram. O da yalnız mənə uyğun tamaşaçı və təbəqə olarsa.

- Bir müddət əvvəl sinə böyütmə əməliyyatı keçirdiyiniz haqda xəbərlər yayıldı. Həqiqətənmi, "mamoplastika" əməliyyatı keçirmisiz?

- Bu suala nə "hə", nə də ki "yox" demək istəyirəm. Bu xəbərləri yazanların öz fantaziyasına buraxıram. Formada qalmaq üçün mütəmadi idmanla məşğul oluram və sağlam həyat tərzi keçirirəm. Təəssüflər olsun ki qadın vücudunun elə bir hissələri var ki, köməyə idman gəlmir. Orada estetik müdaxilə olmalıdır. Amma məsləhət görərdim ki, estetik və plastik əməliyyatlara qaçmasınlar. Özlərinə baxsınlar.

Bəzən mənə söyləyirlər ki, niyə burnunuzu əməliyyat etdirmirsiniz. Burnumdan o qədər xoşbəxtəm ki... Mənim burnum haqda yüksək səviyyəli ziyalılarımız, şəxsiyyətlərimiz deyirlər ki, birdən sən də həvəsə düşüb burnunu əməliyyat etdirərsən. Demişəm ki, xeyr etmərəm. Mənə bu lazım deyil. Lap qocalaramsa, estetik əməliyyat etdirərəm. Üzüm elə qırışa bilər ki, orada köməyə nə botoks, nə də ki digər inyeksiyalar gələ bilməz. O zaman əməliyyata gedərəm.


- Bu yaxınlarda stilist və vizajist Anar Ağakişiyev sosial şəbəkə hesabında son görüntünüzə çox iddialı ad verdi “Azərbaycanın seks simvolu”. Bəs Tünzalə özünü səhnəmizin “seks simvolu” hesab edir? 

- Yatıb, yuxuma da girməzdi ki, ünvanıma belə sözlər deyiləcək. Etiraf edim ki, xoşuma gəlir. Bu yaxınlarda bir braziliyalı modelin müsahibəsini izlədim. O seksuallıq haqda bunları söylədi: "Seksuallıq qadının özünə inamıdır. Onun içindəki, daxilindəki gözəllikdir. Ozündən əmin və özünü sevən və güvəni olan qadın seksualdır. Özümü çox sevirəm. Hər zaman özümü sevmişəm. Sadəcə indiki qədər təcrübəm, həyat anlayışım olmayıb. 20 yaşında bir cürə özünü başa düşürsən, 30 yaşda bir başqasan. Artıq 45 yaşı adlamışam, 46 yaşıma qədəm qoyuram. Əlbəttə ki, hər gün güzgüyə baxıb şükür edirəm. Özümə qarşı həddən artıq tənqidi yanaşıram. Ən vacib olan özümlə olan münasibətin düzgün olmasıdır. Bu münasibəti düzəltdim. Başladılar sorğu-sual etməyə ki, sizdə haradan bu işıq, xarizma, iddia çoxaldı. Əsl sirr özünlə olan münasibəti düzəltməkdədir. 

- Çox mübariz insansınız. Bu güc haradan qaynaqlanır? 

- Zəiflədiyim məqamlar çox olur. Uşaqlıqdan bəri mövqe bildimişəm. Evimizdə, ailəmizdə millətçilik təbliğ olunub. Ata babam millətçi olduğu üçün sürgün olunub. Babam istəməyib rusun əsarətində olmaq. Babam Stalinin plakatına qamçı vuran adam olub. Gecə ilə onu sürgün ediblər. Biz indiyə kimi babamın ölüsünü-dirisini bilmirik haradadır. Onun ailəsini darmadağın etdilər.

- Tünzalə xoşbəxtdir? 

- Kənardan necə görsənirəm, bilmirəm. Amma çox xoşbəxtəm. 

- Sevirsiniz? Söhbət qarşı cinsə olan sevgidən, eşqdən gedir.

- Sevirəm də, sevilirəm də. Sevgisiz həyat olmaz. Bir qadın bir ağaca, çiçəyə bənzəyir. Ona nəvaziş göstərmək lazımdır. O zaman o ağac və ya gül çiçəklənir. 

- Son günlər şou əhli arasında boşanmaların sayı artıb. Sizin də adınız boşanan məşhurlar sırasındadır. Cəmiyyətin ən ağrılı probleminə bu yolu keçmiş bir insan kimi münasibətiniz?

- Heç kimə, içi özüm qarışıq boşanmanı arzu etməmişəm, arzulamaram da. Bu yolda çözüm var. Yenə də çözümü ilk əvvəl özümüzdə axtarmalıyıq. 7 il ailəli olmuşam. Artıq münaqişələrimdə ən narahat olduğum insan qızım idi. Çalışdım ki, by münaqişələri qızım görməsin və travma yaşamasın. Onu maksimum şəkildə qorudum. Amma nə qədər qorusam da, yenə də o münaqişələrə şahid oldu. Qərara aldım ki, kontrolu öz əlimə alım və ayrılım. Çünki iki insan bir damın altında bir-birinə xoşbəxtlik yaşada bilmirsə, qıcıq, anlaşılmazlıq, dava yaşanırsa, sözləri çəp gəlirsə, beynində insanı itəliyirsə, artıq faciə başlayır. Keçmiş həyat yoldaşımla düşmənçilik münasibətində deyiləm. Yadıma gəlmir ki, onun haqda kiməsə sifarişli məqalə yazdırım. O, uşağımın atasıdır. Qızıma atası ilə görüşməyi yasaqlamışam və bunun da ciddi səbəbləri var. Fidan elə yaşa gəlib ki, bütün həyat hekayəmi dürüst və ədalətli şəkildə bilir. O çox gözəl anlayır ki, atasının pis yöndən təbliğatını aparmamışam.

- Qızınız Fidanın qarşısına çəpər və ya sərhəd çəkirsiz? 

- Bilirsiz ki, qızım Türkiyədə ali məktəbdə təhsil alır. Universiteti bitirmək üzrədir. Fidan hərəkətlərinə və danışığına diqqət yetirən övladdır. Zaman-zaman bu mövzuları onunla çox müzakirə etmişik. O hara qədər azad olmasını, məsuliyyət daşımasını da çox gözəl anlayır. Qızıma ana məsləhətim sözünü və özünü qorumaq olub. Uşaqlıq illərindən Fidanı efirlərdən hər zaman uzaq tutmuşam. Onu üzə çıxartmamışam. İstəmişəm ki, öz həyatını yaşasın. Qızım onsuz da anasının üzdə olduğunu görür. 


- Fidan ailə qurmaq haqda düşünür? 

- Onu zorla ərə verə bilmərəm. Gərək onun ürəyincə olan bir bəy olsun ki, ailə qursun. Bütün qızlarımızın gözəl qisməti olsun.

- Dubaya tez-tez səfər edirsiz. Deyirlər ki, Tünzalə Ağayevanın orada şəxsi biznesi və mülkləri var. Bu doğru xəbərdir? 

- Allah ağzınızdan eşitsin. Nə yalan deyim, məndə dünya şöhrətli müğənnilər kimi istəyərəm ki, Mayamidə, Maldiv adalarında və Dubayda malikanələrimi sayım. Dubayda çox sayda dostlarım, əziz olan insanlar var. Onların evlərində qonaq oluram. Orada yaradıcılıq işləri və ideyaları üzərində söhbətlər aparırıq. Dubayda rahatlıq tapıram və oranı çox sevirəm. Hazırda bütün Rusiya oradadır. Dubaya gedəndə elə bilirəm ki, Dubayda yox Rusiyadayam (gülür). Orada mülk alsam, ilk sizə deyəcəyəm.

- Deyirlər ki, pandemiya zamanı Bodrumda olan villanızı satmısınız. 

- Xeyr, satmamışam. Bodrumdakı villam öz yerindədir. Onu da indi yox illər əvvəl almışam. 

- Bir neçə həftə əvvəl Azərbaycan incəsənətinə çox ağır itki üz verdi. Bəstəkar-müğənni Rəhim Rəhimli 43 yaşında ürəktutmadan vəfat etdi. Bilirəm ki, Rəhimlə çox yaxın dost idiniz. Onun bu ağır vəziyyətindən xəbərdar idiniz?


- Allah ona rəhmət eləsin. Bu dəhşətdir. Növbəti savadlı bir musiqiçini itirdik. Rəhim ilk növbədə gözəl bəstəkar idi. Kaş özünə qarşı diqqətli olardı. İlk dəfə sizə açıqlayıram, bu haqda heç kim bilmir. Rəhimlə mənim duetim olmalı idi. Təəssüf, hər şey yarımçıq qaldı. Bu nəğmə Rəhimin bəstəsi idi. Adı da "Leyli və Məcnun". "Demo"sunu mənə göstərmişdi. Bu saat can atıram ki, o "demo"nu tapım. Tapsam virtual duet edəcəyəm. Bu dueti ortalığa çıxardacağam. Rəhimin xatirəsini heç olmasa bu şəkildə yaşadım. Təəssüflər olsun, çox gənc yaşda bu dünyadan köçdü.

Biz dost kimi çox yaxın idik. Bir neçə tədbirdə Rəhimlə görüşmüşdüm. Onun ayaqlarının çox pis şəkildə şişdiyinin şahidi olmuşdum. Ayaqları onu çox incidirdi və dəhşətli dərəcədə şişirdi. Ona deyirdim ki, belə olmaz. Niyə özünə diqqət yetirmirsən. O ayağına ayaqqabı geyinə bilmirdi. Yalnız səhnəyə çıxmasına saniyələr qalmış ayaqqabılarını ayağına geyinirdi. Onun ayağı ayağa heç oxşamırdı. Sonuncu dəfə toyların birində görüşmüşdük. Desə də ki, yaxşıyam, amma reallıq başqa idi. Amma əslində vəziyyəti çox pis idi. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin