Seçkiləri baykot etməklə ölkəmizdə demokratiyanın inkişafına töhvə verdiklərini düşünənlər kökündən yanılırlar.
01 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədlərin irəli sürülməsinə ayrılmış vaxtın bitməsinə az qalır. Müşahidələr göstərir ki, seçki prosesində ən aktiv iştirak edən partiyalardan biri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Partiyanın qərarı ilə namizədliyi irəli sürülmüş şəxslərin demək olar ki, hamısı artıq müvafiq sənədlərini Dairə Seçki Komissiyalarına təqdim etmişlər. O cümlədən mən də, sənədlərimi 34 saylı Xətai ikinci Dairə Seçki Komissiyasına təqdim etmişəm. Ancaq təəssüf ki, bəzi siyasi partiyalar Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələrin təhriki ilə, ölkədə müvafiq seçki mühitinin olmadığını bəhanə edərək, seçkiləri baykot yolunu tutublar və hesab edirlər ki, güya bu yolla Azərbaycanda demokratiyanın inkişafına, azad və ədalətli cəmiyyətin qurulmasına töhvə verirlər...
Heç kim demir ki, Azərbaycanda hər şey əladır, demokratiya tam bərqərar olub, qanunlara tam riayət olunur, heç kimin haqı pozulmur, heç bir sahədə qanun pozuntularına yol verilmir və s. Ancaq unutmaq olmaz ki, 2015-ci ilin Azərbaycanı nə 1990-cı, 1995-ci nə də 2000-ci ilin Azərbaycanı deyil! Qeyd edilən sahələrdə müəyyən çatışmazlıqların olmasına baxmayaraq çox qısa bir müddət ərzində Azərbaycanda bir çox sahələrdə, o cümlədən demokratiyanın inkişafı istiqamətində, nəzərəçarpacaq irəliləyişlərin olduğu inkar edilməz həqiqətdir. Və unutmaq olmaz ki, əgər ölkədə demokratiya zəif inkişaf edirsə bunun təqsirinin bir hissəsi də siyasi partiyaların payına düşür. Ona görə də, hesab edirəm ki, ölkəmizdə demokratiyanın inkişafında həqiqətən maraqlı olan siyasi partiyalar seçkidən kənarda qalmamalı, baykot yolunu tutmamalı, əksinə, vətəndaşlarımızı seçkilərdə fəal iştirak etməyə dəvət etməlidirlər.































































































