Qana möhtac səadət

Hazırda oxunan: Qana möhtac səadət

90104

Yəqin hər kəs razılaşar ki, dünyada səadət və xoşbəxtliklər də fəlakət və bədbəxtliklər kimi çeşid-çeşid, növ-növ olsa da, ən böyük səadət azadlıq və hürriyyətdir. Çünki bu həyatda ləyaqətli və məğrur insanı azadlıq qədər xoşbəxt edən heç bir səadət yoxdur. Bu mənada insanların azadlığa qovuşmaq arzusu təbii və təqdirəlayiqdir. Lakin nəyəsə nail olmaq üçün sadəcə onu arzulamaq kifayət deyil. Xüsusilə də söhbət azadlıq kimi ən böyük səadətdən gedirsə, hər bir insanın azadlığın özü boyda cəsarət və qurban ortaya qoyması zəruridir. Bu, azadlığa nail olmağın təməl prinsipi, başlıca şərtidir. Azadlıq ölümlə qardaşdır! Ölümdən keçmədən, ölümə meydan oxumadan azadlığa qovuşmaq mümkün deyil. Və bugünə qədər dünyada azadlığı ölümsüz əldə edən heç bir xalq olmayıb.

Bu gün xalqımızın ehtiyac duyduğu ən böyük səadət məhz azadlıqdır. Nə qədər acı da olsa etiraf etməliyik ki, dövlətimizin azadlıq əldə etməsi xalqımızın azadlığı ilə nəticələnməyib. Əksinə, bu gün xalq rus işğalı dönəmində olduğundan daha hüquqsuz və aciz vəziyyətdədir. Milli müstəqillik xalqın bütün hüquqları ilə yanaşı, sosial rifahını da əlindən alaraq onu bir qarın çörək üçün özü qarışıq hər kəsə xəyanət etəməyə hazır olan çoxmilyonlu kütləyə çevirib. Xalq başı üzərində dalğalanan üçrəngli bayrağın kölgəsi altında ona azadlıq paketində təqdim edilən qul psixologiyasını həzm etməklə məşğuldur. Əzilən, elementar hüquq və azadlıqdan məhrum olan xalqa azad olduğunu təlqin edən mövcud sistem, saysız-hesabsız bədbəxtliklər içərisində məhv olan xalqı xoşbəxt olduğuna inandırmağa çalışır. Siyasi sistem məqsədli şəkildə simasızlaşdırılan, hər cür etiraz və müqavimət qabiliyyətindən məhrum edilən xalqı inandırmağa çalışır ki, o, özünü əbəs yerə bədbəxt hesab edir. Çünki o, əsl səadətin zirvəsindədir və “el ataları”x9dnın sağlığı üçün dua etməlidir ki, bundan sonra da eyniylə bu cür “bəxtiyar yaşaya”x9d bilsin.

Bəli, mövcud sistemin təbliğatına inansaq, belə çıxır ki, dünyada şikayətlənməməsi gərəkən bir xalq varsa, o da bizik. Şübhəsiz, əgər illər uzunu özünü xalqın ağası hesab edən, milyonlarla insanı alçaltdıqca alçaldan, xalqın qızlarını Dubay otellerinə “iş dalınca”x9d göndərən, oğlanlarını isə dünyanın dörd bir yanına səpələyən sistemə xidmət etmək, daha doğrusu, bu sistemin qurbanına çevrilmək xoşbəxtlikdirsə, biz yetərincə xoşbəxtik. Əgər doğrudan da artıq dünyada aclıq və ümidsizliyə  məhkum edilmək, bir qrup harınlamış şəxsin əyləncə vasitəsinə, oyuncağına çevrilmək səadət hesab edilirsə, o zaman hakimiyyətin bizi xoşbəxt sayması üçün yetərincə əsas var. Belə çıxır ki, çətin olan sadəcə xoşbəxt olduğumuza inanmaqdır. Əgər xoşbəxt olduğumuza inansaq, onda dövlət qurumları qarşısında ucalan bayrağımıza baxıb ac qarnımızı təsəlli edə, tapdanan heysiyyatımıza yamaq vura və harın məmurlarımızı daha yaxşı əyləndirmək üçün daha həvəslə səy göstərə bilərik. Çünki müstəqil Azərbaycanda xalqa tanınan bir tək azadlıq var ki, bu da xoşbəxt olduğuna inanmaq və onu əzən sistemə itaətlə xidmət etmək azadlığıdır.

Göründüyü kimi, biz azad dövlətin əsir xalqıyıq. Biz ona görə azad deyilik ki, bizi əsarətdə saxlayanlar olduqca güclü və amansızdırlar. Biz ona görə azad deyilik ki, həddindən atıq zəif və qorxağıq. Biz həyatımıza azadlığımızdan daha artıq dəyər verən insanlarıq və buna görə də nəyin bahasına olursa-olsun, hansı simada, hansı cilddə olursa-olsun yaşamaq arzusundayıq. Bizim üçün bir qul kimi yaşamaq azad insan kimi ölməkdən daha dəyərlidir və buna görə də əsarət zəngirini qıra bilmirik. Lakin unutmamalıyıq ki, ölümündən qorxan xalq əsla azad ola bilməz. Azadlıq qanla qazanılması gərəkən bir səadətdir. Və ən əsası, azadlığı qoruyub saxlamaq üçün sadəcə bir dəfə qan tökmək, sadəcə bir dəfə ölümə meydan oxumaq kifayət deyil. Azadlıq onun uğrunda daim savaşmaq və ölmək məcburiyyəti diktə edir. Azadlıq zaman-zaman qan bahasına alınması gərəkən bir haqqdır və buna görə də daim azad qalmaq üçün daim savaşmaq, ölümlə daim üzləşməyə hazır olmaq lazımdır. Azadlığa qovuşmağın, azadlığı qorumağın başqa yolu yoxdur.

 

Pərviz Əliyev

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin