İran əsilli Niderland yazıçısı Kader Abdullanın "Məscid evi" ("Het huis van moskee") əsərini orjinaldan - Niderland dilində oxudum.xa0
Gənclik illərində əqidəcə komunist olan əsərin müəllifi siyasi mühacirdir. Onun o vaxtlar təsmil olunduğu Tudə partiyası şah rejiminə qarşı islam bayrağı altında olanlarla müttəfiqlik edib. Ayətullahlar hakimiyyəti ələ keçirtdikdən sonra ilk represiyaya məruz qalanlar sırasında tudəçilər də yer alır. Həmin dalğada Kader Abdulla İranı tərk edərək, 1985-ci ildə Niderlandda sığınır. O, o vaxtdan burada yaşayır. Kader Abdulla qısa müddət ərzində dünyanın ən çətin dillərindən biri olan Niderland dilini nəinki mükəmməl öyrənir, hətta bu gün Niderlandda bütün məktəblilərin tanıdığı məşhur bir yazıçı olmağa müvəffəq olur.xa0
Yazıçının özünə ləqəb kimi götürdüyü Kader Abdulla adları onun tələbə dostlarına mənsub olub. Onların hər ikisi qətlə yetirillərək, biri şah rejiminin, digəri isə ayətullah rejiminin qurbanları olublar.xa0
Çox böyük ustalıqla qələmə alınan əsərdə İranın yaxın keçmişində baş verənlərdən bəhs edilir. Şah və sonrakı dövr İran cəmiyyətində ictimai-siyasi münasibətlər, ailə-məişət qaydaları, iqtisadi və sosial problemlər, siyasi rejimlərin dəyişilməsi kontekstində islam dini və fərdlərarası münasibətlər və digər məsələlər əsərdə mühakimə olunan mövzulardır.xa0
Müəllifin 5 il ərzində ərsəyə gətirdiyi əsər 30-dan artıq dilə tərcümə edilib. Mənim üçün Niderland dili 5-ci dil olmasına baxmayaraq 422 səhifəlik bu əsəri 3 gün ərzində gündəlik iş rejimimə korrektə etmədən oxuyub başa çatdırmağımın əsas səbəbi onun oxucu üçün cəlbli edəcək bir məharətlə yazılması idi.xa0
Mən İranın necə deyərlər "qulağının dibində" anadan olmuşam. 18 yaşıma qədər İran sərhəddinə yaxın 20 km-lik ərazidə böyümüşəm. Orta məktəb dərsliklərində İranla bağlı onun xəritəsi barədə informasiya istisna olmaqla heç bir məlumata rast gəlməmişəm. Universitet illərində bizə Afrika cəngəlliklərində bir neçə ay mövcüd olan dövlətlərin siyasi və ictimai quruluşu barədə bolluca məlumat verildiyi halda, İran haqqında heç nə deyilməmişdi. Zatən müəllimlərimiz də bu barədə düz-əməlli bilgi sahibi deyildilər.xa0
Yadımdadır, bir dəfə bizə Tarixi-materializim fənnindən dərs keçən, dostların zahiri görkəminə görə "kamaz şoferi" adlandırdığı Həmid müəllimin (Allah ona rəhmət eləsin) "İctimai”“iqtisadi formasiyalar" haqqında mühazirəsindən sonra ona "İranda bunların hasıdır" sualını verəndə, kişini pis vəziyyətdə qoymuş, tələm-tələsik mənə "feodalizmdir" - deyə cavab vermişdir. Düzdür, sonrakı mühazirəsində Həmid müəllim özünün İranla bağlı dediyini geri görürdü. Amma onun az qala büs-bütün İrana həsr etdiyi növbəti mühazirəsində də İranın mövcüd ictimai-iqtisadi formasiyası haqqında dedikləri qoyulan suala bir aydınlıq gətirmə iqtidarında olmadı.xa0
İranın bir addımlığında doğulub, boya-başa çatıb, bu cəmiyyət haqqında dolğun informasiyanı doğulduğun məkanda millərlə km uzaqlıqda, 45 yaşından etibarən öyrənməyə başladığın bir dildə almağın izahı varmı? Bu taleyin ironiyasıdır, yoxsa zəmanəmizin paradoksu?xa0
Əsərlə tanışlıqdan sonra qətiyyətlə təsdiq etmək olar ki, Azərbaycanın indiki dövrü İranın şah dövrünü çox xatırladır. Xüsusən iqtisadi sabatsızlıq, zəhmətsiz əldə edilən və əlahəzrətin cibinə axan neft pulları, yuxarıların parıltılı və aşağıların miskin həyatı, cəmiyyətdə idealoji qıtlıq və dinin rolunun düzgün qiymətləndirilməməsi, mənasız layihələr və dövlət büdcəsinin tarımar edilməsi, fərqli fikirlilərin təqibi və ölkədə zindanların siyasi məhbuslarla doldurulması...xa0
P.S. Müasir Azərbaycanın böyük maarifçisi, naşir Şahbaz Xuduoğlunun rəhbərlik etdiyi şirkət məqsədli şəkildə salındığı indiki maliyə durumunda olmasaydı, yəqin ki, mən ondan qətiyyətlə bu əsərin Azərbaycan dilinə geniş oxucu kütləsi üçün tərcümə edilərək cap edilməsini dönə-dönə xahiş edərdim...xa0



































































































