Təqdirmi, tənqidmi?

Hazırda oxunan: Təqdirmi, tənqidmi?

75064

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin aprelin 10-da  “Senator”x9d restoranında baş verən dava-dalaşa qarışmaqda və bir nəfəri bıçaqlamaqda ittiham olunaraq həbs edilib. T.Əsədullayev  barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq)  maddələri ilə cinayət işi başlanıb.

General oğlunun həbsi ilə bağlı xəbərin ictimaiyyiləşməsindən dərhal sonra millət vəkili Çingiz Qənizadə olduqca maraqlı açıqlama ilə çıxış edərək T.Əsədullayevin həbsi üçün atasının xahiş etdiyini bildirib və polis generalını “bəzi məmurlara”x9d nümunə göstərib.

Ç.Qənuzadənin bu açıqlaması hörmətli hüquq müdafiəçisi haqqında media və sosial şəbəkələrdə ciddi tənqidlərin səslənməsinə səbəb olub. Məsələn, hərbi ekspert Üzeyir Cəfərov hər kəsin qanun qarşısında bərabər olduğunu və bu səbəbdən də T.Əsədullayevin atasının xahişi olmadan da həbs edilməsinin vacibliyini vurğulayıb, Ç.Qənizadənin məntiqinin qəbuledilməz olduğunu bildirib. Və təbii, hörmətli Üzeyir bəyin iradı tamamilə haqlıdır.

Lakin ədalət naminə Ç.Qənizadənin də öz açıqlamasında bilərəkdən və ya bilməyərəkdən ciddi həqiqətləri dilə gətirdiyini də etiraf etmək lazımdır. Ç.Qənizadə Ş.Əsədullayevin oğlunun həbsi ilə bağlı xahişini əsas gətirərək onu digər məmurlara nümunə göstərir ki, bu gün çoxlu sayda məmurun övladlarının yol verdikləri hədsiz harınlıq və qanunsuzluğu ört-basdır etmək üçün ciddi səylər göstərdiyi danılmazdır. Bu gün siyasi hakimiyyət və güc orqanlarında ali vəzifələrdə təmsil olunanların iradəsinə zidd olaraq onların nəinki ailə üzvü və yaxın qohumlarının, hətta uzaq tanışlarının belə məsuliyyətə cəlb etmək Dağlıq Qarabağı azad etmək qədər müşküldür. Bu gün hansısa nazir və ya nazir müavini, icra başçısı və ya generalın nəinki həbs etmək, hətta inzibati qaydada cərimələmək üçün belə birincilərin yazılı və ya şifahi razılığı gərəkdir. Ç.Qənizadənin açıqlamasının məntiqi izahından doğan gerçək bundan ibarətdir. 

Bu baxımdan, əgər T.Əsədullayevin həbsi həqiqətən də Ş.Əsədullayevin xahişi əsasında reallaşıbsa, bu addımı alqışlamaq olar. Lakin bu məsələdə Ş.Əsədullayevi başqalarına örnək hesab etmək üçün əsas yoxdur. Əksinə, Ş.Əsədullayevin özü övladını qeyri-qanuni hərəkət və davranışlardan çəkindirə bilməyən bir ata kimi mənfi mənada başqalarına nümunə göstərilə bilər.

 Və ən əsası, T.Əsədullayevin bıçaqladığı iddia olunan şəxsin kimliyi haqqında heç bir informasiya verilməsə də, bu şəxsin də sırdan vətəndaş olmadığı, onun da hansısa məşhur iş adamı və ya vəzifə sahibinin övladı, yaxud qohumu olması ehtimalı kifayət qədər yüksəkdir. Əks təqdirdə, həmin şəxs də digərləri kimi ölkədə iqtisadi böhranın at oynatdığı, manatın “əriməkdə”x9d davam etdiyi, milyonlarla insanın minimal keçim üçün gecə-gündüz can qoyduğu bir zamanda “Senator”x9d restoranında zühur etməzdi. Bu isə o deməkdir ki, Ş.Əsədullayevin xahişi olmasaydı da, T.Əsədullayevin həbsi və cəzalandırılması qaçılmaz idi. Və çox güman ki, polis generalı da bu həqiqəti dərk etdiyi üçün baş verən olayın heç deyilsə onun imicini zədələməməsi üçün hadisələri qabaqlamağı, xal qazanmağı lazım bilib və belə bir xahişlə çıxış edib. Çünki bugünə qədər Azərbaycan reallığında müşahidə edilən hadisə və proseslərin təhlili məcburriyyətsiz heç bir məmurun öz xoşu ilə öz marağına zidd olan hər hansı addım atmadığını göstərir.

Bu baxımdan, Ş.Əsədullayevin təqdir edilməsi, alqışlanması üçün heç bir əsas yoxdur. Lakin Ş.Əsədullayevin məhz övladına görə vəzifədən uzaqlaşdırılmasınən vacibliyi fikirləri də qəbul edilə bilməz. Ən azından ona görə ki, hüquq övlada görə atanın cəzalandırılmasını doğru hesab etmir və belə bir addım daxili işlər orqanlarında uzun müddət çalışmış, zəngin təcrübəyə malik bir generalın itirilməsindən başqa bir şey olmayacaqdır.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin