İspan zarafatı

Hazırda oxunan: İspan zarafatı

74206

İspan Gizli Milli Kəşfiyyat Mərkəzi (CNİ) yadplanetlilər və UNO-lar haqqında hesabat hazırlayıb. Hesabatda yadplanetlilərin günəşdən 4.3 işıq ili uzaqlıqdakı Alfa Sentuari qalaktikasından gəldiyi, türk dilinə yaxın dildə danışdığı və yalnız Yer kürəsini deyil, əksər planetləri də işğal etməyə hazırlaşdığı bildirilir.

Məlum informasiya Türkiyə mətbuatında ictimaiyyiləşəndən sonra Azərbaycan KİV-də də özünə geniş yer edib. Sözügedən xəbərin bəzi millətçilər tərəfindən sosial şəbəkələrdə xüsusi sevinc və canfəşanlıqla paylaşılması, xəbər əsasında çoxsaylı şərh və məqalələrin yazılması, proqnozların verilməsi ”“ bir sözlə CNİ açıqlamasının az qala Quran ayəsi kimi qeyd-şərtsiz qəbul edilməsi, insanların buna inanması və ya özlərini inandırmağa çalışması müşahidə edilməkdədir ki, bu da ümumilikdə cəmiyyətin mövcud əqli-mənəvi və psixoloji durumunun o qədər də xoşagələn olmadığını göstərir.

Əslində məlum xəbər fonunda baş verənlər türk dünyasının bir hissəsi olan Azərbaycanda insanların türklüyün zəfərinə, onun qalibiyyətinə olan inamsızlığını, bu zəfəri nəsə qeyri-adi, ilahi, fövqəladə bir qüvvə ilə əlaqələndirmək arzusunu göstərir. Keçmişdə tarixlər yazan, bu gün isə dünya güclərinin oyuncağına çevrilən, torpaqları zəbt edilən, bütün parametrlər üzrə sındırılan, alçaldılan, siyasi və hərbi iradədən məhrum edilən, özünün-özünə olan inamını itirən türk insanı üçün göylər son ümid yerinə çevrilməkdədir. Bu gün bəzi insanlar sürünməkdən başını dikəldə bilməyən türk insanının səmada bütöv bir imperiya qurduğunu düşünmək xəyalı ilə ovunmaqla təsəlli tapır. Onlar inanmaq istəyirlər ki, yerdəkindən fərqli olaraq orada ”“ səmada hər şey türk insanın istədiyi, arzuladığı kimidir. İnanmaq istəyirlər ki, əsrlərdir ki, üzləşdikləri iztirabların, məğlubiyyətlərin sonu gəlmək üzrədir və onlar əvəllər olduğu kimi yenə də özləri-özlərinin ağası olacaqlar. Onlar inanmaq istəyirlər ki, uzun illər, əsrlərdir ki, öz qüvvələri hesabına çıxa bilmədikləri bu bataqlıqdan onları kənar, güclü bir əl çıxardacaq və əzəli qüdrətlərinə qovuşduracaqdır. Onların inandığı və ya inanmaq istədiyi şeylər bununla bitmir...

Lakin ortada şirin arzu ilə yanaşı, həm də ilan zəhərindən daha acı bir həqiqət mövcuddur. Bu, türkün bugünkü gücü, mübarizə əzmi, yaşamıdır ”“ hansı ki, bunların hamısı səviyyə və keyfiyyət etibari ilə türkün şanı, onun tarixin ilk günündən üzərinə götürdüyü missiyanın aliliyi ilə tərs mütənasibdir. Fəqət türkə yaraşmayan ən böyük qüsur onun daxilində, damarlarında gizlənən gücdən şübhə duyması, özünə olan inamdan üz çevirməsi və nicat üçün başqa səmtə, başqa dünyaya, başqa xəyal və gümanlara üz çevirməsidir.

...Bəlkə də göylərin sirli dərinliyində həqiqətən də yadplanetlilər mövcuddur. Bəlkə də onların Yer kürəsini işğal etməklə bağlı planları var və bu planın icrası üçün hazırlıq da aparılır. Bu, heç kim ”“ hətta ispan kəşfiyyatı üçün də tam olaraq yəqin olan bir məsələ deyil və sadəcə ehtimal edilə bilər Lakin şübhəsiz olan bir məsələ var. Yadplanetlilərin danışdığı dilin nə türk dili, nə də türk anlayışı ilə heç bir əlaqəsi yoxdur. Ən azından ona görə ki, hələ Mirzə Ələkbər Sabirin dönəmindən göydə ağalıq bizə yox, XIX əsrdən səmada balonlarla gəzən avropalılara məxsusdur. Və əgər nə vaxtsa hansısa bir yadplanetli utanmağı bir kənara qoyub bəşərin qarşısına çıxsa, onunla hökmən ya ingilis, ya da alman dilində danışacaq.

Odur ki, yadplanetlilərə, onların işğalına və bu işğalın yer üzündə türk iradəsinin hakimliyinə səbəb olacağına ümid bəsləmək əbəsdir. Çox güman ki, yadplanetlilərin türk dilinə yaxın dildə danışması ilə bağlı açıqlama ispan təbiətinin zarafatcıllığından, ya da onların türk dilini yaxşı bələd olmamalarından irəli gəlir. Və yəqin ki, ispan kəşfiyyatı milyonlarla türkün hisləri ilə oynadığı üçün hökmən “türkdilli yadplanetlilərin”x9d zavalına gələcəkdir.

 

Seymur Əliyev

e-mail: seymur_dq04@mail.ru

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin