Adam, gedək dünyanın o üzünə

Hazırda oxunan: Adam, gedək dünyanın o üzünə

60120

Moderator.az tanınmış şair-publisist Nurəddin İsmayılın yeni şeirini oxuculara təqdim edir

 

Bu üzündə abır-həya qoymadıq,

Adam, gedək dünyanın o üzünə.

Həşəm oldu, təravəti qalmadı,

Adam, gedək dünyanın o üzünə.

 

Neynirsən dumanlı, qarlı dağını,

Çəkdirir sinəmizə hicran dağını,

Çoxdan itirmişik solunu, sağını,

Adam, gedək dünyanın o üzünə.

 

Dəmini çəkdin, qəminə sahib ol,

Gedir karvanın, gəminə sahib ol,

Allah deyilsən, ölümə sahib ol,

Adam, gedək dünyanın o üzünə.

 

Toxunuşdur, ilmə-ilmə toxunub,

Yanağına çox yanaqlar toxunub,    

Fərmanın verilib, hökün oxunub,

Adam, gedək dünyanın o üzünə.

 

Yuvasını dağıtdığın quşlara bax,

Gözlərdən axıtdığın yaşlara bax,

Xarabatdır, dön, bayquşlara bax,

Adam, gedək dünyanın o üzünə,

 

Çıxart bədənindən, ruha nicat ver,

Tanrı qismətidir, onu ucalt, ver,

Aşiqə nə eybi, canı yüz qat ver,

Adam, gedək dünyanın o üzünə.

 

Bir can idi, qondu könül taxtına,

Yazılıbdır, ölüm sənin baxtına,

Göz tikmə sən Süleymanın taxtına,

Adam, gedək dünyanın o üzünə.


Qalmadı bağında daha, gözəli,

Yoldur gedilən sabaha gözəli,

Allaha versən can, daha gözəli,

Adam gedək dünyanın ö üzünə.

 

Nurəddin İsmayıl

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin