“Hər kəs səhv edə bilər”

Hazırda oxunan: “Hər kəs səhv edə bilər”

56232

İqtisadçı ekspert Elçin Qurbanov Qurban bayramı ərəfəsində Prezident İlham Əliyevə açıq məktub göndərib.

 Məktubu Moderator.az oxucularına təqdim edirik:

 

Hörmətli prezident İlham Əliyev cənabları!

Hər bir vətəndaş kimi məni xalqımızın işıqlı gələcəyi, əmin-amanlığı, xoşbəxtliyi hər zaman düşündürür. Ulu Tanrının xalqımıza bəxş etdiyi təbii sərvətlər bizim dünyada iqtisadi güc və bununla da siyasi iradə sahibi olmamız üçün geniş imkanlar yaratdı. Bu məsələdə şəxsən Sizin göstərdiyiniz siyasi iradə də mühüm rol oynadı, dövlətimizin dünyada qazandığı iqtisadi və siyasi uğurlarına səbəb oldu. Xüsusilə buna misal olaraq son günlərdə bütün dünyanın diqqətini cəlb edən, qarşıda gerçəkləşdirilməsi nəzərdə tutulan “ TANAP” (Trans Anadolu qaz boru kəməri) layihəsini göstərmək olar.

Əlbətəsrin müqaviləsi kimi bu da tarixi bir hadisədir. Azərbaycan və qardaş Türkiyə münasibətlərini vahid mövqedə möhkəmləndirən bir layihədir. Doğrudur, bədxah qonşularımız və başqa missioner qruplaşmalar dövlətimizin bu uğurlarını həzm edə bilmirlər. Amma bütün bunlara baxmayaraq inanıram ki, tezliklə ədalət özünün layiq olduğu zirvədə qərar tutaşacaq.

Cənab prezident! Bütün uğurlarla yanaşı məni insan resursları ilə bağlı vəziyyət xeyli narahat edir. Dünyada yaranan siyasi gərginlik müəyyən mənada bizdən də təsirsiz ötüşmür. Hesab edirəm ki, müdrik münasibət və sevgi doğuran iradə bütün çətinlikləri geridə qoya bilər.

Doğrudur, Yaxın Şərq ölkələrində gedən döyüşlər siyasi ambisiyalardan çox təriqət və firqə müstəvisində cərəyan etməyə başladı. Burada insanlığa qarşı ən ağır cinayətlər işləndi. Əlbəttə ki, bu dözülməzdir.

Orada gedən döyüşlərdə bir çox ölkələrdən olduğu kimi Azərbaycandan da insanlar, əl-əlxüsus gənclər iştirak etməyə başladılar. Yaxşı bilirik ki, onların əksəriyyəti tam hüquq qabiliyyətli vətəndaşlar olsa da, həyatı dərk etmək üçün çox gəncdirlər. Bütün təcrübəsizliklərinə baxmayaraq onlar bir gənc olaraq xalqımızın gələcəyidirlər. Ola bilsin ki, həmin şəxslər çılğınlıq dövründə mistik çağırışların ideoloji mahiyyətinə varmadan qürbət torpaqlarda hərbi əməliyyatlarda iştirak ediblər. Hesab edirəm ki, dövlət olaraq bu kimi halları qayğı və əmin-amanlıqla çözsək, daha yüksək nəticələr əldə edə bilərik. Təbii ki, daha çox təbliğat və sülhə çağırışla.

Bu məsələyə maksimalist münasibət isə hər şeydən öncə daha kəskin ziddiyyətə səbəb ola bilər. Hər kəs səhv edə bilər. Səhv etməyə gənclər daha çox meyllidirlər. Amma onların valideyinlərinin və ailələrinin çəkdiyi acını duymamaq mümkün deyil.

Cinayət Məcəlləsində belə hallara görə ömürlük və 20 illik həbs cəzasını nəzərdə tutan qanunvericilik sənədi isə həmin gənclərin taleyinin məhv edilməsi deməkdir. Hamımız valideynik, bu hislərin nə demək olduğunu mənə elə gəlir ki, hər birimiz həssaslıqla duyuruq. Belə bir acının yaşanmasını heç kəs üçün arzu etməzdim. Qarşıdan isə müqəddəs Qurban bayramı gəlir !

Cənab prezident! 

Bu müqəddəs bayram ərəfəsində gözü yolda qalan ailələrin qəlblərini sevindirmək üçün Allah xatirinə onları əfv etmənizi xahiş edirəm! Tərəfinizdən atılacaq belə bir addım sizi daha da ucaldacaq və insanların nəzərində böyüdəcəkdir.
Bu gün uca Allah xalqımıza öz mərhəmətindən bol-bol nemətlər bəxş etmişdir.
Bir halda ki, Allah bağışlayandır və bağışlayanları da sevir. Biz də belə bir gündə nə üçün bağışlamayaq? Əlbəttə ki, bu hadisə başqa vətəndaşların da qarşısında vicdan və mənəvi məsuliyyətin yaranmasına səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin