Özümüzə nifrət bizi hara aparır...?

Hazırda oxunan: Özümüzə nifrət bizi hara aparır...?

47683

Özündən razılıq, təkəbbür, müştəbehlik hər hansı normal insan üçün qüsur olduğu kimi, özünə inamın olmaması, başqaları ilə müqayisədə özünü aşağı tutmaq da zəiflik, qorxaqlıq və natamamlığa gətirib çıxarır. Toplum səviyyəsində də bu yanaşma tamamilə keçərlidir. Bir topluma daim onun başqalarından zəifliyi, aşağı keyfiyyətliliyi, şişirdilmiş qüsurları təbliğ olunarsa, onun irəli can atması, inkişaf etməsi qeyri mümkündür.

Müşahidələrim bizdə məhz son zamanlar prosesin bu istiqamətdə - mənafelərimizin əleyhinə getdiyini göstərir. Yerli medianı izləyərkən təqribən bu cür başlıqlar və ya mövzularda yazılar görürük: "Xəstəni öldürdülər", "Bizdə təbabət sıfırdır", "Qatil səhiyyə", "Bizdə məktəb yoxdur", "Təhsil sistemi iflas edib" və s. Səhiyyə və təhsil millətin, vətəndaşların haqlı olaraq ən çox diqqət yetirdiyi sahələrdir. Bu bütün dünyada belədir. Çünki söhbət insanların konkret maraqlarından - onların hər birinin sağlam həyatı və övladlarının gələcək inkişafından gedir. Bu sahələrin yüksəlişi və müasirləşməsi isə təkcə konkret fərdi maraqların deyil, ümumi, dövlət maraqlarının tələbidir. Bu barədə çox danışmaq, problemləri göstərmək, tənqid etmək, çıxış yolları aramaq lazımdır, vacibdir və bu milli maraqlarımızın xeyrinədir. Amma bir incə detalı yaddan çıxarmamalıyiq: Azərbaycan ata sözündə deyildiyi kimi "qaş düzəltmək istədiyimiz yerdə gözü vurub çıxarmamalıyıq."

Təsəvvür etmək heç də çətin deyil ki, onsuz da milli öz güvənliyimizin məlum və qeyri məlum səbəblərdən zəif olduğu indiki dönəmdə iki gündən bir hardasa bir xəstənin ölümü haqqında həyacanlı təqdimatda məlumatı oxuyan, buna müvafiq olaraq ayda bir dəfə də olsun hansısa xəstənin sağalması və həkimə minnətdarlıq ifadə etməsi haqqında bir informasiyaya rast gəlməyən sadə insanlar hansı psixoloji vəziyyətə düşürlər. Təbii ki, informasiya vasitələrində təkrar təkrar verilən bu cür bir tərəfli neqativ məlumatlardan insanlar bir nəticəyə gəlirlər: bizdə salamat həkim yoxdur, xəstələnəndə mütləq ölkə hüdudlarından kənarda dərdinə çarə axtarmağa başlayırlar. Məsələnin neqativ tərəfi isə bununla bitmir, insanlarda vətəndaşlıq təəssübkeşliyi zəifləyir, dövlətə və hətta Vətənə bağlılıq aradan qalxmağa başlayır. Şübhəsiz ki, burada günah ilk növbədə səhiyyə və təhsil sistemində, habelə bütünlükdə demokratik islahatları tranzit dövrü bəhanəsi ilə gecikdirən hazırkı hakimiyyətdədir. Bəli, sovetdən qalma səhiyyənin və təhsilin transformasiyası çevik və keyfiyyətli proqram əsasında aparılsaydı, bu gün biz həm də bu sahələrin təbliği ilə əlaqədar nailiyyətlərin şahidi olardıq. Təəssüf ki, biz hələlik islahatlara nail ola bilməmişik. Amma bu o demək deyil ki, özümüzü həqiqətdə olduğundan daha aşağı göstərmək, təqdim etməklə irəliləyə bilərik. Əsla. Bu yolla, əksinə mövcud vəziyyətimizi daha da pisləşdirə, insanımızın özünə olan inamını tamamailə öldürərək milli natamamlıq kompleksini daha da dərinləşdirə bilərik. Başqa sözlə desək bu cür təbliğat yalnız özümüzə içimizdə nifrət oyatmağa gətirib çıxarır. Başqa heç bir nəticə yoxdur: nə sistem islahatlarına, nə də yaxşı yerlər tutmuş pis və zəif mütəxəssislərə bu tipli təbliğat təsirsizdir. Təcrübə göstərir ki, konkretlikdən uzaq, ümumi neqativ informasiyaların çoxluğu əksinə yaxşı mütəxəssisləri ruhdan salmaqla yanaşı yuxarıda deyildiyi kimi, insanları bədbinləşdirir, ümidsizliyə və özünəinamın azalmasına gətirib çıxarır. İndi bir də düşünək, bizə bu lazımdırmı?!      


      

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin