Ziyalılar müxalifət liderlərini itiham edir

Hazırda oxunan: Ziyalılar müxalifət liderlərini itiham edir

39722

Düz bir əsr öncə ölməz Sabir deyirdi ki, cin görürəm, şeytan görürəm, qorxmuram, harda müsəlman görürəm qorxuram...

Yazıya bu cür girişlə başladığıma görə qınamağa tələsməyin, cənablar. Nə illah elədimsə bu gün kal armud kimi millətin xirtdəyinə keçmiş müxalifət liderlərinin bir-biriylə yola getməməsinə başqa cür don geyindirə bilmədim. Elə ona görə də bu qənaətə gəldim ki, millətin dar günündə firqə maraqlarını ümummilli dərdlərimizdən üstün tutan müxalif liderlər məmləkət insanı üçün müasir dünyanın qada-bəlasından, cin-şeytanından daha təhlükəlidir.

Əslində mətbuatdakı və sosial şəbəkələrdəki iyrənc hərbə-zorbadan mümkün qədər uzaq durmağı bacarmışdım, bu və ya digər mövzularla bağlı münasibət öyrənib sayta yerləşdirsəm də özüm baş verənlərlə bağlı məxsusi bir şey yazmağı düşünmürdüm. Ancaq şənbə günü gecə saatlarında Milli Şuranın üzvü və şəxsiyyətinə təkcə mənim deyil, külli Azərbaycanın iqidarlı-müxalifətli kəsiminin böyük hörmət bəslədiyi ziyalımız, ədliyyə generalı  Vidadi Mirkamalla söhbətləşəndən sonra qərara gəldim ki, ürəyimin sarı siminə toxunmuş bu mövzuyla bağlı nəsə yazmalıyam.

Saytımızın  23.02 radələrəindəki yazını oxumayanların diqqətinə ərz edim ki, Vidadi müəllim siyasi proseslərdən bir köynək aralı dayanaraq baş verənləri izləyən və suların durulmasını gözləyən ziyalı kəsimin müxalifət liderlərindən narazı olduqlarını dilə gətirmişdi. Açıqca deyirdi ki, ziyalılar ona görə prosesə dəstək verərək bu təşəbbüslərin ümumxalq hərəkatına çevrilməsində rol almaq istəmirlər ki, onların müxalifət liderlərinə ünvanladıqları bir çox suallar ya cavabsız qalıb, ya da elə cavab veriblər ki, verməsələr ondan yaxşıdı. Elə ona görə də hamısı çəkilib əli qoynunda hakimiyyətin qəzəbinə gəlmiş azsaylı müxalif gücün necə əzişdirildiyini ürək ağrısıyla seyr etməyə məcbur olublar...

Mən tam əminəm ki, yazını oxuyan müxalifət liderləri Vidadi bəyin bu açıqlamasına dodaq büzüblər və hələ onları qəbul eməyən ziyalıların qabırğasına da bir-iki ağız döşəyiblər. Amma artıq hər şey o qədər aydındır ki, Vidadi Mirkamalın sözlərini qəribçiliyə salamağa cəhd edənlərin arqumentsizlikdən əli boşda, qıçı havada qalacaq...

Müxalifət liderləri bunu bilməlidir ki, nə qədər siyasi proseslərdən kənarda qalsalar da ziyalıların ölkədə baş verənlərdən ürəklərinin başı göynəyir və hamı intizarla dəyişiklik gözləyir. Təbii ki, bu dəyişikliyin baş verəcəyinə münbit zəmin yarandığını hamıdan qabaq hiss edən ziyalılar o zaman bu prosesə öz töhfələrini verəcəklər. Odur ki, onlara “bu vaxtadək hardaydınız” sualı verib prosesdən kənarlaşdırmayın. Unutmayaq ki, istənilən ölkədə baş verən dəyişiklikdə ziyalıların yeri görünüb və onlar da prosesə biganə qalmayıblar, sadəcə biri ilk andan qoşulub, digəri pərdə arxasından dəstək verib.

Milli Şuranı irəlidə hansı tale gözlədiyini bilmirəm. Bildiyim tək bir şey var ki, Azərbaycanda dəyişiklik etmək istəyənlər ilk növbədə ziyalıları qane edəcək ortam yaratdıqdan sonra bu prosesi qələbəyə apara biləcəklərini nəzərə almağa məhkumdurlar.

Yazıya Sabirin satirasıyla başladıqsa Krılovun təmsiliylə yekun vurmaq məntiqli olardı. Lətifəsi hamıdan uzaq, “Şir və tülkü” təmsilində olduğu kimi bir-birinizi didərək al qana qərq edib başqalarına niyə ovu rahatca qamarlamağa fürsət verirsiniz? 20 ilik uğursuz ovçuluq  sizə bəs eləmədimi?

  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin