17 dekabr-Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü

Hazırda oxunan: 17 dekabr-Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü

38697

Yaddaşsızlıq problemindən əziyyət çəkməyən qədirbilən oxucularım yəqin sentyabrın 1-də yazdığım “Qəzzafi günü” adlı yazımı xatırlayırlar. Qısaca qeyd edim ki, o qədər də uzaq olmayan 1969-cu ilin sentyabrın ilk günündə gorbagor Müəmmar Qəzzafinin inqilab yoluyla Liviyada hakimiyyəti ələ keçirməsi gününə yazı həsr etməyi lazım bilmişdim, hələ bir təklif də etmişdim ki, bəşəriyyət bu günü “Qəzzafi günü” kimi qeyd etsə yaxşı olar, ən azından insanlar hər il 1 sentyabrda dünyadan belə bir başdanxarab diktatorun gəlib-getdiyini xatılayar. Bu cür mənhus adları xatırlamada isə məncə fayda vardır, illah da kı, gələcək nəsillər keçmişdə yaşanmış heyrətamiz olaylardan bu yolla məlumatlanmış olarlar...

Xülasə, indi də neçə gündü dincliyimi əlimdən alan bir təqvim gününə də yazı həsr etməyi lazım bilirəm. Türkiyədə baş verən, şübhəsiz ki, bundan sonra “Əsrin qalmaqalı” adlanmaq haqqına sahib anitkorrupsiya əməliyyatını nəzərdə tuturam. Üstəlik, təklif edirəm ki, bundan sonra 17 dekabr Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd edilsin. İmkanım olsaydı, BMT Baş Katibi Pan Gi Mun həzrətlərinə bir şanlı məktub da yollayardım ki, səni and verirəm Santa Klausun əziz canına, 17 dekabrın yaddan çıxmasına imkan verməsin. Əlbəttə, kimlərsə başqa nümunələr gətirərək ötənlərdə hanısa ölkədə buna bənzər antikorrupsiya əməliyyatı keçirildiyini də iddia edə bilər. Amma nahaq özlərini soyuqsaqqal etməsinlər, söhbət az qala 500 milyard dollarlıq fırıldaqdan və çirkli pulların “Fairy” şampunu  kimi asanlıqla yuyulmasından gedir. Bu sürüşkənlikdə kimlərin büdrəyəcəyi, kimlərin yerə dəyib tələf olacağı zaman məsələsidir, ancaq bir şey yəqindir ki, Türkiyə 1999-cu ilin 17 avqust (təsadüflərə diqqət yetirməli-hər ikisi üçün 17 rəqəmi xarakterikdir) zəlzələsindən daha dəhşətli siyasi zəlzələnin titrəyişlərindən sarsılmış durumda...

 Gerçəkdən bu əməliyyatdan sonra nə qədər basıb-bağlasa da Ərdoğan iqtidarına bir quş, 2014-cü ildə Türkiyədə başqa bir siyasi rüzgarın əsəcəyi, AKP iqtidarının 12 illik təkbaşına hökümətinə son veriləcəyi burnundan uzağı görmək problemi olmayan hər kəsə gün kimi aydındır.

Bir məqamı da unutmaq insafsızlıq olar. Bizim şou-biznes gözəlçələrini çox vaxt qınayırıq ki, səsləri, perfomansları bir qəpiyə dəyməsə də əndamlarını hərraca çıxararaq məmurlarımızı, onların ərköyün balalarını yoldan çıxarıb kalan da xərcə salmağı bacarırlar. Amma dünən Türkiyə telekanallarından 29 yaşlı Rza Zərrabın Ebru Gündeşə bağışladığı avtomobillərin, mülklərin, zinət əşyalarının, nəhayət, təyyarələrinin siyahısını izlədikcə “bizimkilərə şükür” deməkdən özümü saxlaya bilmədim...

Nəhayət, neçə gündü bir suala cavab axtarıram-görəsən Türkiyəni qarışdıran o əjdahadan bizdə niyə yoxdur? Lütfən “Sənə əjdaha lazımdır?” deməyin. Bəli, bu əjdaha təkcə mənə yox, cəmi məmləkətimizə hava-su kimi lazımdır, özü də demokratiyadan- Avrointeqrasiyadan-zaddan daha həyati əhəmiyyət kəsb eləyir. Amma kimsə belə bir nağılın bizdə də oxunacağına inanıb umsuq olmasın, Azərbaycanda həmin əjdahanın peyda olmaq şansı Şaxta Babanın gedib Tarif Şurasında oturanların üzünə tüpürməsi qədər irreal bir məsələdir. Çünki sərhədlərimiz etibarlı əllərdədir, gömrük orqanlarımız dəvətsiz təşrif buyurmuş Əjdahaya elə qiymət oxuyarlar ki, gəldiyi kimi də suyu süzülə-süzülə gei qayıdar...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin