Ağlamağı dayandırdıq, bəs sonra?

Hazırda oxunan: Ağlamağı dayandırdıq, bəs sonra?

36194

Bir neçə gün öncə Zəngilanın işğalının 20- ci ildönümü mərasimində “Qaçqınkom” sədri Əli Həsənovun səsləndirdiyi “Ağlamağı dayandırmalıyıq” açıqlaması qəlbimin sarı siminə toxunmuşdu deyə cavab yazmaq istəyirdim ki, rəhmətliyin oğlu, yaxşı, ağlamağı dayandırdıq, bəs sonra? Sonra da öz-özümə deyinmişdim ki, təkcə Qarabağsızlıq dərdi deyil ki, bizi ağladan. Elə sağımıza-solumuza baxıb tamamən ağlamalı gündə olduğumuzdandır ki, millətimiz içindəki kükrəyən vulkanı nisbətən səngitmək üçün güc verib gözünün yaşına...

Xülasə, başım bərk qarışıq olduğundan Əli Həsənovun fikirlərinə münasibət bildirmək imkanım olmadı. Ancaq qələm dostum və şeirlərindən doymadığım Heydər Oğuz mənə göndərdiyi “Gəldi Aşura, Hüseynim!” yazısını bir daha oxuduqdan sonra artıq qərara aldım ki, günümüzə ağlayan yiyəmiz olmadığından yiyəsizliyimizə öz cızmaqaramla ağı deyəm. Heydər Oğuz şeirində Kərbəla çölündə qanına qəltan edilən İmam Hüseynə xitab edir ki,

 Bizə sən ağlamalıykən, sənə biz yas tuturuq,
 Yası da, matəmi də əqlimizə xas tururuq.

Sən Yezid üstünə getdin, edərək zülmə qiyam
Bizə zülm etmədədir indi tamam başqa biri.
Susuruq, baxma ki, etməkdə Yezid zülmü davam
Biz diriykən ölüyük, sənsə şəhid, həm də diri.

 

Bəli, gerçəkdən ağlamalı gündəyik.20 ildir işğala dözdüyümüzdən diriykən ölü kimiyik.Bizi yalnız Qarabağın işğaldan azad edilməsi, heç olmasa bircə kəndimizin geri alınması dirildə bilər. Ancaq Zakir Həsənovun Səfər Əbiyevi əvəz etməsiylə nə dəyişəndi ki? Nəcməddin Sadıqov barədə son günlər eşitdiyim və oxuduğum dəhşətlər onun haqqındakı neqativ təsəvvürlərimi bir daha zənginləşdirdi. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin  "bu günədək kəlbəcərlilər Nəcməddin Sadıqovun yaxasından yapışıb haqq-hesab sormurlar ki, niyə Kəlbəcəri öz əlinlə ermənilərə verdin” sualına cavab verə bilməmək elə o bənzərsiz vətən torpağını  itirmək qədər ağır gəldi mənə...

  Əlbəttə, mən əlimdə sübut olmadan kimsəni ittiham etmənin bədəlinin nə ola biləcəyini də göz önünə alıram. Bu gün də cəmiyyətdə əksəriyyətin ona qarşı antipatiya bəslədiyinə baxmayaraq hələ də qılıncının dalı da, qabağı da kəsən Nəcməddin Sadıqov sabah məhkəməyə müraciət edib məndən sübutlar istəsə,kimsə məni müdafiə edən deyil. Üstəlik, yuxarıda da qeyd etdim, dərdimiz tək , Qarabağ, Kəlbəcər, Nəcməddin dərdi deyil ki. Dərd dənizində üzürük...

 Dənizdən söz düşmüşkən, neftimiz  tükənmək üzrə, indi bizə onun pesimizm gətirən qoxusundan başqa nəsə qalmayacaq. İndi də illər uzunu büdcədən külli miqdarda para ayırıb dənizi neft tullantılarından təmizləmək lazım olduğunu deyəcəklər. Qazımız da dərdlərimizə çarə olan deyil. Olsa- olsa beş-üç nəfərin qaz vurub qazan doldurmasına yetə, ya yetməyə. Əsl ağlamaq zamanı bax onda olacaq. Beş- on ildən sonra millətimizin yaşayacaqlarını təsəvvür edib elə indidən ağlamaq istəyirəm. O zaman da Qarabağı almaq üçün pul tapa bilməyəcəyimizi deyəcəklər. Biz də oturub ağlayacağıq ki, kaş vaxtında neftin pullarını yağı malı kimi dağıdanlara “durun” deyəcək cəsarət sahibi olaydıq. Ancaq dəyişməz bir şey hər zaman bizi dümsükləyəcək- hər dəfə rayonlarımızın işğal günlərində bizə “ağlamağı dayandırın” deyəcəklər...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin