1 sentyabr-Qəzzafi günü

Hazırda oxunan: 1 sentyabr-Qəzzafi günü

33073

 

Dünən yayın ən zəhlətökən ayını təngnəfəs yola salıb payızın gəlişindən xəbər verən sentyabr ayına “xoşgəldin” elədik. Bu soxhasoxda- seçkilərin qapının kandarını kəsdirdiyi, namizədlərin və siyasi rəqiblərin bir-birini diddiyi, Barak Obamanın qılıncını sıyırıb Bəşər Əsədi hədələdiyi, Rusiyanın Amur vilayətinin su altında qaldığı, nəhayət, dünyanın bir çox ölkələrində yeni dərs ilinin başlandığı heç umrumda da olmadı sanki. Çünki mən elə ki, səhərin gözü açılar-açılmaz  1 sentyabrda  həm də uzaq 1969-cu ildə gorbagor Müəmmar Qəzzafinin inqilab yoluyla Liviyada hakimiyyəti ələ keçirdiyindən xəbər tutdum, heç tərəddüd etmədən qətiləşdirdim ki, günün ən aktual mövzusu elə budur, belə bir ildönümdən yazmamaq doğru olmaz... 

Əlbəttə, kimlərsə “eh” deyib əlini yellədəcək ki, rəhmətliyin oğlu, Qəzzafi cəhənnəmə vasil edildi qurtardı, daha onun nə vaxtsa hakimiyyəti ələ keçirməsinin ildönümünü nəyə hesaba soxursan? Ancaq bu cür düşünənlərə xatırlatmaq istərdim ki, aşırı unutqanlığımız üzündən tarixin bütün mərhələlərində başımıza oyun açıblar, ona görə də daha bir xatırlatmada fayda vardır. Bəlkə kimlərsə Qəzzafinin son miskin aqibətindən ibrət götürə. Anlamağa çalışa ki, hər şeyin əvvəli olduğu kimi sonu da var və bu sonluqda Qəzzafinin yaşamadığını yaşamaq üçün gərəkən addımlar atılmalıdır. Yoxsa gec-tez eyni aqibət onu da haqlayacaq. Özü də neçə ki, bəşəriyyət haqq-ədalət axtarışında olacaq və məncə onu heç vaxt tapmayacaqlar,  Qəzzafi mövzusu aktuallığını itirməyəcək. Əksinə, Hitlerdən üzü bəri Səddamın, Qəzzafinin rüsvayçı ölümləriylə Pinoçetin  ağıllı gedişiylə boğazını kəndirdən son anda xilas etməsi müzakirə, mübahisə predmeti olacaq, insanlar çızığından çıxanlara məhz bu məhşurların taleyini xatırlatmağa tələsəcək. Bir sözlə, nə Səddam köhnələn mövzudu, nə Qəzzafi. Əksinə, Qəzzafinin dəbdəbəli həyatı və acınacaqlı sonluğu orta və ali məktəb dərsliklərinə salınaraq əhatəli tədris olunmalıdır. Qoy şagirdlər və tələbələr görsünlər ki,  gerçəkdən də dünya fanidir, milyardlar heç də hər zaman həyatı sığortalaya bilmir, kimsə bu dünyadan özüylə heç nə aparmır. Bu baxımdan təkcə 1 sentyabrda deyil, ilin 365 günü hər kəs Qəzzafinin taleyini düşünməli, onun yaşadıqlarından ibrət götürərək həyatına davam etməlidir. Hətta mən təklif edərdim ki, BMT məhz sentyabrın 1-i gününü simvolik olaraq “Qəzzafi günü” kimi rəsmiləşdirsin, bununla dünyadakı avtoritar rejimlərə xəbərdarlıq edilmiş olsun ki, pisliklərdən əl çəkməsəniz, bir gün  sizləri də oxşar aqibət gözləyəcək. 

Mənim də bir yazar olaraq borcum varlanmaq ehtirası  gözünü kor etmiş insanları olmuşlardan və ehtimal olunan olacaqlardan xəbərdar etmək, onları haqq yoluna dəvət etməkdir. Mənim yeganə silahım həyəcan təbili çalmaq, prezidentindən tutmuş nazirinə, komitə sədrindən tutmuş icra başçısına və “JEK” müdirinədək xalqa xidmət etməli olan hər kəsə bir gün haqqın divanın onları haqlayacağını xatırlatmaqdır. Mən borcumdan çıxdım, babalı öz boyunlarına. Hər il sentyabrın 1-də dünya dağılsa və yerlə göy birləşsə də “Qəzzafi günü”nü xatırladacaq yazı yazmağı qarşıma məqsəd qoymuşam. Kimlərisə bununla pisliklərdən çəkindirərək haqq yoluna döndərsəm, o dünyadakı cəzalarımın bir qismini yüngülləşdirə biləcəyim qənaətindəyəm...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin