Əsgərlikdə olarkən müşahidə etdiyim bir tendensiyanı son dövrlər yaman tez-tez xatırlayıram. Çavuşlar yeni əsgərliyə gələnlər üzərində öz üstünlüklərini maksimum göstərməyə çalışırdılar. Onlara qədərindən artıq iş tapşırır, əsgərin gigiyenik qaydaları ilə bağlı tələblərində əndazəni aşır, naryada yazmaq, cəzalandırmaq üçün iynənin ucu boyda bəhanələr tapa bilirdilər.
Və bu durumdan narazı olan əsgərlər də, hər zaman öz aralarında çavuşları “var-yoxdan” çıxarır, ən yaxşı halda kiminə “alçaq”, kiminə “əclaf” deyirdilər. Amma elə ki, bir müddətdən sonra çavuşların zülmündən, qəddarlığından, nadanlığından əziyyət çəkən əsgərlərdən hansısa çavuş rütbəsi alırdı (bəli, məhz alırdı), o da öz sələfinin, ona zülm etmiş çavuşun hərəkətlərini eynilə təkrarlamağa başlayırdı. Başlayırdı dünənədək onunla birlikdə çavuşların zülmünü çəkən, çavuşları söyən əsgər yoldaşları ilə əsl çavuş kimi davranmağa. Elə bil, bununla, bir neçə ay çavuşların əlindən çəkdiyinin qisasını əsgər yoldaşlarından alırdı. Səbəbini soruşanda isə zarafatla poqonlarını göstərib “zəhrimarın tələbidi” deyirdilər.
Ancaq çavuşların bunca nadanlığı fonunda zabitlər, onlardan rütbəcə yüksək rəislər daha mərhəmətli olar, bəzən gərəksiz tələbkarlıqlarına görə çavuşlara irad tutardılar...
Mən polis “serjantlar”ın “Roma papasından daha çox katolik olmaq” xüsusiyyətlərini ötən illərdə icazəsiz kütləvi aksiyaların dağıdılması zamanı görmüşəm. Onlar aksiyaçılara qarşı hədsiz qəddarlıq nümayiş etdirirlər, gərəyindən artıq güc tətbiq edirlər, saxlanılmış aksiyaçıya zopa, yumruq və təpik vururlar. Qadınlara qarşı mənəviyyatsızcasına davranırlar. Sanki, bununla özlərini rəislərə göstərir, “baxın, əmrinizi necə layiqincə icra edirəm” demək istəyirlər.
Belə vəziyyətlərdə də zabitlərin, rəislərin daha humanist davrandığının, hətta çavuşlara “yavaş vur”, “burax getsin” kimi göstərişlər verdiyinin şahidi olmuşam.
Hazırda paytaxtın müəyyən yerlərində polis serjantları sakinlərin yeraltı keçidlərdən istifadəsi ilə bağlı reydlər keçirirlər. Burada da, nadanlıq özünü göstərir. “Marıqda yatıb” vətəndaşın qaydanı pozmasını gözləyən çavuşlar, əvvəlcədən heç bir xəbərdarlıq etmirlər. Gözünün qabağında vətəndaş yolu keçir, sonra qırğı kimi onun başının üstünü alaraq cərimə yazırlar.
Son günlər isə kiçik rəislərimizin ”“ çavuşların nadanlıq mərəzlərini mərkəzi yolların avtomobillərdən təmizlənməsi ilə əlaqədar tədbirlərdə görürəm. Vətəndaşın əmlakına vəhşi münasibət göstərilir. Maşın sahibini 5-10 dəqiqə gözləmədən, arayıb-axtarmadan evakuator çağırıb, avtomobili cərimə meydançasına aparırlar.
Çavuş olanda, nə olar, bəs insanlıq, vətəndaşlıq, soydaşlıq duyğusu? Əgər sən şəhərin bir başında tanımadığın insana, onun əmlakına qarşı belə nadanlıq nümayiş etdirirsənsə, bil ki, başqa bir yerdə də paqon yoldaşın sənin ən yaxın qohum-əqrəbana qarşı eyni hərəkəti təkrarlayır.
Burada “dəvə, qanad” məsəli yerinə düşür. Allah bizi belə nadan düşüncə sahiblərinin qanadlanmasında saxlasın.
Amin!






























































































