Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan”x9d ASC-nin bank lisenziyası ləğv edilib.
Bu qərardan sonra adam az qalır gedib Elman Rüstəmovun xirtdəyindən yapışıb həmin bankda pulu batan əmanətçilərin adından ürək sözlərini onun sifətinə və eşitməyən qulağına qışqırısın ki, ora - bura burcutma ey, pulumu bura ver, dədəmin dədənə borcu olmayıb, özümün sənə. Qələt edib sənin şirin dilinə, yağlı vədinə aldandıq və nəticədə bir ömür boyu topladığımız pulu bivecliyinizdən bizlərə gözdağı etdiniz.
Mən də Elman Rüstəmovdan şikayətçiyəm və Azərbaycan adlı məmləkətin adını daşıyan bu bankın - “Bank of Azerbaijan”x9dın hələ bir il öncədən adına xəyanət edərək əmanətçilərin başına min bir oyun açması barədə dəfələrlə rəsmi və qeyri-rəsmi formada Mərkəzi Bank rəhbərliyinin diqqətinə çatdırmışam. Bununla kifayətlənməyərək nüfuzlu bir neçə millət vəkilini bu prosesə qoşmuşam ki, adı batmış bu bankda yaxın qohumuma məxsus 65 min manatın geri qaytarılmasına nail ola bilim. Amma bütün cəhdlərim və təşəbbüslərim, bankın sahibi “Hafka”x9d ləqəbli qalmaqallar kralı Hafiz Məmmədova deyilən sözlər nəticəsiz qalıb, hər dəfə bank rəhbərliyi az qala qarşımda diz çöküb yalvarıb ki, biz onsuz da elə hesab edin ki, ölmüşük, sadəcə Mərkəzi Bankın rəhbərini gətirib üstümzdə “Yasin”x9d oxutdurun ki, bəlkə pulunuzu hansısa yolla geri ala biləsiniz. Hətta bizim vasitəmizlə Elman Rüstəmovun qılığına girərək onlara bir neçə milyon borc verməyə razı salmağı da təklif etmişdilər. Amma Elman Rüstəmovu aldatmaq və ya saqqızını oğurlamaqmı olar ilin - günün bu vədəsində, hökumətin qəpiyə güllə atdığı indiki böhranlı vaxtda? Üstəlik, onu da nəzərə almaq lazım ki, Elman Rüstəmov yaxşı bankir ola bilməsə də məmləkəti mat qoymaqla hiyləgər şahmatçı olduğunu əməli ilə ortaya qoyaraq əbəs yerə Şahmat Federasiyasına başçılıq etdiyini isbatlamadımı?
Bəli, artıq, bu bankın da “Fatihə”x9dsi oxundu və onu tarixin arxivinə yolladılar. Amma mən əminəm ki, hələ illər sonra bu bankın adı söyüş - qarğışla xatırlanacaq, eyni zamanda məhkəmə çəkişmələri və hətta etiraz aksiyalarının da keçirilməsini proqnozlaşdırmaq olar. Çünki adamın heç inanmağı gəlmir ki, adı batmış həmin banka vaxtında bir neçə milyonluq borc verməkdən imtina edən Mərkəzi Bank minlərlə əmanətçinin on milyonlarla vəsaitini qaytarmağa boyun ola.
Başqalarını bilmirəm, mən Elman Rüstəmovdan əl çəkən deyiləm, lap öz cibindən ödətdirməklə də olsa onun səriştəsizliyindən, mağmınlığından, ölkənin bank sistemini ağlar günə qoymasından müflis olan qohumumun hüquqlarını müdafiə edərək son qəpik ödənilənədək mübarizəmi davam etdirəcəm.
Fürsətdən istifadə edərək əlində - ovcunda qəpik ”“ quruş qalan ölkə vətəndaşlarına müraciət edirəm, neçə ki, Elman Rüstəmov Mərkəzi Bankın sədridir, banklara bir qara qəpik də əmanət qoymasınlar. Çünki başına gələn başmaqçı olar və mən bu fırıldaqçılardan gördüyümü gördüm. Məmləkət insanının öz mənzilini sataraq banka qoymaqla ailəsini dolandırmaq istəyini elə istiqamətə yönəltdilər ki, adamlar həyatları boyu bu peşmançılıqdan qurutulası deyillər və Mərkəzi Bankı da, onun rəhbərliyini də son nəfəslərindək lənətləyəcəklər. Siz də sonaradan yalnız lənət yağdırmaqla ucuz təsəlli tapmaq istəmirsinizsə deyilən pafoslu bəyantlara, verilən boğazdanyuxarı vədlərə inanmayın və Elman Rüstəmov dövrünün sona çatmasını gözləyin. Mənə elə gəlir ki, çox da gözləməyə gərək qalmayacaq...
































































































