Gözü yaşlı xan Arazdan,
Yadigarsan, Məmməd Araz,
Durub əsrin şah dağında,
Öz xalqının taleyinə
Ağlayansan Məmməd Araz.
Vətən dərdi çəkməsəyidin,
Dünya üçün əsməsəydin,
Vətən deyə oğulların
Sığınmazdı hər misrana
Məmməd Araz, Məmməd Araz.
Sən şimşəkdən od almısan,
Bülənd olub ucalmısan,
Xalq yolunda yananların
Canlı heykəl timsalısan
Məmməd Araz, Məmməd Araz.
Uçqunları gur səsinlə,
Uçurmağın, yıxmağın var,
Səd qarışıq Arazı sən,
Təzdən söküb qurmağın var
Məmməd Araz, Məmməd Araz
Sən qürursan əyilməyən,
İtməmisən fiqur kimi,
Şahı bir an mat eyləyən,
Sərkədəsən özün kimi,
Məmməd Araz, Məmməd Araz.
Azərbaycan torpağından,
Maya tutdun, ucaldın sən,
Əlli ilin sorağında,
Neçə ömür qocaldın sən,
Məmməd araz, Məmməd Araz.
Nurəddin İsmayıl




























































































